Ermənistan normallaşma prosesinə məcbur edilib

İrəvan hökuməti müharibədən sonrakı reallıqları düzgün qiymətləndirə bilmədi

"Rəsmi Bakı belə məqamda Zəngəzur dəhlizi ilə bağlı çox unikal bir gediş etdi və bütün hallarda Ermənistanı oyundan kənar vəziyyətə saldı"

   Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Bu çərçivədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistanın Xarici işlər naziri Mirzoyan ilə görüş keçirib. Görüş iki ölkə arasında uzun fasilədən sonra xüsusi nümayəndələrdən sonra nazirlər səviyyəsində keçirilən ilk görüşdür. Görüşdən sonra açıqlama verən nazir Çavuşoğlu çox məhsuldar və konstruktiv görüş keçirdiklərini bildirib:

“Prezidentimiz Ərdoğan və Baş nazir Paşinyanın müsbət mesajlarından sonra xüsusi nümayəndələrimizi təyin etdik. Xüsusi nümayəndələrimiz Moskva və Vyanada iki dəfə görüşdülər. Münasibətlərimizin tam şəkildə normallaşması üçün atılacaq addımları müzakirə etdilər. Cənubi Qafqazda sabitlik və sülh üçün çalışırıq. Bu istiqamətdəki səylərimizə hər yerdən dəstək alırıq. Azərbaycan da atılan addımlardan və başda Türkiyə ilə Ermənistan arasında normallaşma prosesindən məmnundur. Prosesi davam etdirəcəyik. Xarici işlər naziri ilə də bu məsələdə razılığa gəlmişik”. 

Ermənistanın Xarici işlər naziri Mirzoyan da Türkiyə ilə münasibətlərin normallaşması üçün səy göstərdiklərini bildirib və bölgədə sülh və sabitlik üçün səy göstərməkdə qərarlı olduqlarını söyləyib. 

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Çavuşoğlu-Mirzoyan görüşünün ümidverici olduğunu vurğulayıb: “Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan arasında görüş ümidvericidir. Avropa İttifaqı Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını tam dəstəkləyir”. 

Tərəflərin təmasını “Şərq”ə dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ermənistan tərəfi normallaşma prosesinə məcbur edilib. Analitik vurğulayıb ki, İrəvan hökuməti müharibədən sonrakı reallıqda düzgün addım ata, prosesləri qiymətləndirə bilmədi: 

“Azərbaycan tərəfi məğlub Ermənistanın üzləşdiyi problemləri nəzərə alaraq, İrəvana kifayət qədər zaman verdi. Sülh prosesinin imzalanması, danışıqlar və müzakirələr üçün bir qədər gözlədi. Amma ötən müddət ərzində Ermənistan tərəfi təxribatlarından geri durmadı. Prosesləri manipulyasiya etdi, xaricdən dəstək axtarışına çıxdı. Aydın oldu ki, Ermənistan tərəfi getdikcə sülh situasiyasından uzaqlaşır. Rəsmi Bakı belə məqamda Zəngəzur dəhlizi ilə bağlı çox unikal bir gediş etdi və bütün hallarda Ermənistanı oyundan kənar vəziyyətə saldı. Blokadada qalmış Ermənistan üçün daim “nəfəslik” rolunu oynamış İran da Azərbaycan cəbhəsində yer aldı. Bir müddətdir Türkiyə ilə Ermənistan arasında danışıqlar gedir, normallaşma prosesi müzakirə olunur, sərhədlərin açılması məsələsi gündəmə gətirilir və s. Son günlər isə İrəvan özü bu istiqamətdə aktivlik nümayiş etdirir. 

Bu da onu göstərir ki, dalana dirənmiş Ermənistan gec olmadan çıxış yolu axtarır, Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasında maraqlı olduğunu göstərir.

 Artıq rəsmi Bakıya yönəlik sülh mesajları da gəlməkdə, Azərbaycanın şərtləri müzakirə olunmaqdadır. Görünən odur ki, İrəvan hazırda rəsmi Bakı və Ankaradan daha maraqlı tərəf kimi çıxış etməkdədir”.