Rusiyanın "Birinci kanal"ında xəbərlər proqramında redaktor Marina Ovsyannikova əlində plakatla canlı yayıma müdaxilə edib. Plakatda "Müharibəni dayandırın.Təbliğata inanmayın. Burda sizə yalan danışırlar" cümlələri yazılıb. Daha sonra M.Ovsyannikova izləyicilərə müraciət edərək Ukraynada aparılan əməliyyatlar cinayət və Rusiya təcavüzkar adlandırıb.
BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli məsələ ilə bağlı “Sherg.az”a danışıb:
“Rusiyada yalanlar o həddə çatıb ki, artıq televiziya əməkdaşları gerçəkliklə təbliğat arasındakı böyük fərqdən özləri xəcalət çəkirlər. Hesab edirəm ki, M.Ovsyannikovun da addımı həmin dözümsüzlüyün nəticəsidir və təqdirolunmalı hadisədir”.
Q.Məhərrəmli diqqətə çatdırıb ki, televiziyalarda ümumi siyasətə qarşı etiraz etmək gücü olan əməkdaşlar öz etirazlarını müxtəlif şəkildə ifadə edirlər.
Professorun fikrincə, M.Ovsyannikovun da bu cür etirazı onun yalnız özü üçün deyil soydaşları, ümumilikdə götürdükdə Rusiya üçün çox böyük məsuliyyət hiss etdiyini göstərir:
“Hadisəyə əsasən deyə bilərik ki, o çox vicdanlı biridir”.