“Villanı qaçqın ukraynalılara verin!”
Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovaya məxsus olduğu iddia edilən villaya fransız aktivistlər basqın düzənləyib. Villa Fransanın məşhur kurort şəhəri Biarritzdədir və dəniz sahilində yerləşir. Basqın barədə “Milliyyet.com”da məlumat yer alır. Sayt xəbəri “The İnsider” internet səhifəsindən (Rusiya) əldə edib. Özünü “sürgündəki rus bloqçu” kimi təqdim edən yazar Pyer Haffner (Pyer Lapurdi) aktivistlərin basqın düzənlədiyi lüks villadan fotolar paylaşıb və villanı “Putinin qalası” adlandırıb.
“Alta Mira” adlanan villada aktivistlər Putinin qızı Katerina Tixonovanın sabiq həyat yoldaşı Kiril Şamalova aid pasportun surətini tapıblar və pasportun şəkli də internet səhifəsində paylaşılıb. Aktivistlər villanın eyvanında Ukrayna bayrağı dalğalandırıb və “villa ukraynalı qaçqınlara verilsin!” şüarı səsləndiriblər. Basqın xəbərini alan Fransa polisi aktivistlərin bir neçəsini həbs edib.
Frans-Press (AFP) Agentliyi yazır ki, bloqçu Pyer Haffner də həbs edilənlər arasındadır. Putinə müxalifətdə olan, mühacirətdə yaşayan Vladimir Oseçkin aktivistlərin sərbəst buraxılması çağırışı ilə sosial mediada petisiya təşkil edib. Oseçkin paylaşımında “bu insanlar yanlış bir iş görməyib. Onlar da, biz də rus oliqarxlara məxsus villaların ukraynalı qaçqınların istifadəsinə verilməsini istəyirik. Polisdən də oliqarxları deyil, xalqı qorumasını tələb edirik”.
Putin ailəsinin Biarritzdə ən azı 3 mülkünün olduğuna dair xəbərlər var. Fransanın cənub-qərbindəki sahil zolağında son illərdə Putin ailəsi dostları və yaxın ətrafı ilə birlikdə tez-tez görünür. Onlarla birlikdə rus agentlərin də sahil zolağında dolaşdığı bildirilir.