Rusiya-Ukrayna müharibəsinin uzanması ermənilərə yüz milyonlarla zərər vuracaq

Ukrayna ilə Rusiya arasında müharibə Ermənistan iqtisadiyyatına ağır zərbə vurub.

Ölkədə xüsusən alkoqollu məhsulların ixracatçıları Rusiyanın başlatdığı müharibə nəticəsində böyük problemlərlə üzləşiblər.

Sözügedən şəraitin uzun müddət davam edəcəyi halda isə Ermənistandakı konyak və şərabların istehsal-ixrac göstəriciləri nəzərə alınmaqla itkilərin ümumilikdə yüz milyonlarla dollara çatması gözlənilir.

Qeyd edək ki, Ermənistanın sözügedən məhsulları ixrac göstəricilərində Rusiya, Belarus və Ukrayna ilk yerləri tutur. Buna qədər Ermənistan KİV-ə açıqlamasında Ermənistanın Milli Şərab Mərkəzinin sədri Avaq Arutyunyan bildirib ki, Rusiya, Ukrayna, Belarus və Qazaxıstana konyak və şərab ixracı tamamilə dayanıb. Bu dörd ölkənin isə Ermənistanın konyak ixracında payı 90 faizi ötür, şərab ixracında isə 75-80 faiz arası dəyişir.

Mənbə: News.am