Müharibə bitməlidir...

Rusiyada əhali panika içərisindədir

Kremlin müharibə resursları tükənir, əks təqdirdə danışıqlar masasına əyləşməzdi

“Rusiya ilə sülh müqaviləsi yalnız Rusiya qoşunlarının 23 fevrala qədər nəzarət altında saxladığı Ukrayna ərazilərinə geri çəkilməsindən sonra imzalana bilər”. Bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən David Araxamiya deyib. O, sülh müqaviləsinin hər detalının ayrı-ayrılıqda hazırlandığını, amma kompleks imzalanacağını vurğulayıb: “Biz müqavilənin şərti imzalanma mərhələsinə, yaxud mövzunu ciddi müzakirə edəcəyimiz məqama çatsaq, o zaman onlar torpaqlarımızdan getməli olacaqlar. Onda artıq biz sənədi imzalamaq, baxmaq, yaxud paraflamağa başlayacağıq. Əgər bu olmasa, danışıqlar bütün mənasını itirir”.

"Liderlərin görüşü daha çox logistik xarakter daşıyır"

Ukrayna prezidentinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün nə zaman keçiriləcəyini söyləmək çətindir. Onun sözlərinə görə, Rusiya tərəfinə verdiyimiz təkliflərdə əslində prezidentlərin görüşünə hazırlığa başlamaq fikri də yer alıb. Liderlərin görüşü ilə bağlı məsələ daha çox logistik xarakter daşıyır. Çünki rusiyalılara təkliflərimizə baxmaq, ilkin cavab vermək lazımdır”. 

“Ukrayna öhdəlikləri icra etsə, NATO-nun platsdarm yaratmaq təhlükəsi aradan qalxacaq”

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski isə bildirib ki, Ukrayna öhdəlikləri icra etsə, NATO-nun platsdarm yaratmaq təhlükəsi aradan qalxacaq: “Kiyevin Donbasa hücuma hazırlaşdığına dair təkzibolunmaz sübutlar var, Rusiya Federasiyası xüsusi əməliyyat keçirməyə məcbur olub”. Onun sözlərinə görə, Rusiya Federasiyasının Krım və Donbasla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır. Medinski bəyan edib ki, Ukrayna təkliflərdə qeyd olunan bütün öhdəlikləri yerinə yetirsə, NATO-nun platsdarm yaratmaq təhlükəsi aradan qalxacaq.

“Uzun illərdən sonra ilk dəfə olaraq Kiyev hakimiyyəti...”

Medinski vurğulayıb ki, Ukraynanın Rusiyaya təqdim etdiyi yazılı təkliflərdə Kiyevin NATO-ya üzv olmaqdan və nüvə silahından imtinası ilə bağlı müddəalar var: “Uzun illərdən sonra ilk dəfə olaraq Kiyev hakimiyyəti Rusiya ilə razılığa gəlməyə hazır olduqlarını bəyan etdilər. Onlar bizə gələcək mümkün müqavilənin kağız üzərində yazılmış prinsiplərini təhvil verdilər, harada ki, NATO-ya üzv olmaqdan imtina, Ukraynanın bloksuz statusunun müəyyən edilməsi, nüvə silahlarından və digər kütləvi qırğın silahlarından imtina edilməsi qeyd olunub”. Medinskinin sözlərinə görə, Ukraynanın təkliflərində həmçinin, xarici hərbi bazaların və hərbi kontingentlərin yerləşdirilməsindən imtina, eləcə də hərbi təlimlərin yalnız zəmanətçi dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirilməsi öhdəliyi də var. Putinin köməkçisi onu da bildirib ki, Ukrayna İstanbul görüşündə ilk dəfə olaraq gələcəkdə Rusiya ilə normal münasibətlər qurmaq üçün bir sıra vacib şərtləri yerinə yetirməyə hazır olduğunu qeyd edib. Medinski bəyan edib ki, Ukrayna Rusiyanın prinsipial tələbləri ilə razılaşıb: “Ukrayna əslində Rusiyanın NATO-ya üzv olmamaq və hərbi bazaların yerləşdirilməsindən imtina etmək haqqında prinsipial tələbləri ilə razılaşıb”. 

“Rusiya və Ukrayna arasında əldə olunan razılaşmalar konkret fəaliyyətə çevriləcək”

Birləşmiş Millətlər Təşkilatı Rusiya və Ukrayna arasında İstanbul danışıqlarını yüksək qiymətləndirib. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib ki, Rusiya və Ukrayna arasında əldə olunan razılaşmalar konkret fəaliyyətə çevriləcək. İstanbul razılaşmalarını qiymətləndirən Düjarrik qeyd edib ki, bu danışıqların mümkün qədər tez konkret razılaşmalara çevrilməsi vacibdir: “Görüşdən sonra hər iki tərəfdən verilən açıqlamalarda danışıqlarda müsbət məqamların olduğu vurğulanır”.  

“Rusiyanın gücü, hərbi resursları tükənib”

Politoloq Qabil Hüseynov bildirib ki, İstanbulda baş tutan danışıqları nisbətən müsbətə doğru addım saymaq olar. Amma danışıqlar müddətində müharibə davam edirsə, Ukrayna şəhərləri bombalanırsa, deməli, ortada tam səmimiyyət bərqərar olunmayıb:

 “Rusiya dəfələrlə beynəlxalq müqavilələrə, danışıqlara hörmətsizlik nümayiş etdirib. Yəni Rusiyadan istənilən əks addımı gözləmək mümkündür. Rusiya işin içindən çıxmağa cəhd edəcək. Çalışacaq ki, danışıqlar prosesi alınmasın. Ancaq Rusiyanın gücü tükənir. Əgər gücü olsaydı, hücumları davam etdirərdi, masa arxasına əyləşməzdi. Rusiyanın hərbi resursları tükənib. Digər yandan Rusiya daxilində də gərginlik var. Əhali panika içərisindədir. Hələ mən döyüşçüləri, əsgərləri demirəm. Hazırda Rusiya səksəkədədir”.