İmran Xanın istefası gözlənilən idi

Pakistan Rusiya ilə ABŞ arasında seçim qarşısındadır

"Pakistanın ordu generalları da Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağın tərəfdarıdırlar"

   Pakistanın Baş naziri İmran Xan parlamentin buraxılmasından sonra istefaya göndərilib. Lakin yeni baş nazir təyin edilənə qədər İ.Xan müvəqqəti vəzifəsini icra edəcək. Növbədənkənar parlament seçkiləri 3 ay sonra keçiriləcək. Ekspertlərə görə, İmran Xanın istefası gözlənilən idi. Məsələ ondadır ki, İmran Xanın bir müddət öncə Rusiyaya səfəri ölkədə ciddi etirazlara səbəb olub.

Səfər sonrası müxalifət ölkə parlamentində İmran Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd edib. İmran Xan isə Parlamentin ona etimadsızlıq təklifini rədd edib. Daha sonra Nazirlər Kabinetini istefaya göndərib. İmran Xan müxalifət təmsilçilərinin onu istefaya səsləməsini ABŞ-ın hökuməti devirməsi olaraq qiymətləndirib. Hazırda baş verən proseslərin İmran Xanın nəzarətində həyata keçirildiyi görünür. Bu mənada mümkündür ki, o, yenidən baş nazir seçilsin. Bununla belə hazırda İmran Xanın postuna əsas namizəd, onun rəqibi “Müsəlman Liqası”na mənsub olan Mian Məhəmməd Şahbaz Şərifdir. Hansısa fors-major hal baş verməsə, İmran Xanı Mian Məhəmməd Şahbaz Şərif əvəzləyə bilər. 

Dost ölkədə yaşanan olayları “Şərq”ə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Pakistan Rusiya ilə ABŞ arasında seçim qarşısındadır. Analitikə görə, koalisyon hökumətin istefasının İslamabadın xarici siyasəti ilə bağlılığı var: 

“İmran Xan fevralın 24-də Rusiyaya səfər edərək bu ölkənin Prezidenti Vladimir Putinlə görüşmüşdü. Bu, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başladığı gündür. İmran Xan Rusiyaya səfərinin Ukraynaya qarşı işğalçı müharibəyə başlayacağı günə təsadüf edəcəyini bilsəydi, böyük ehtimalla bu səfəri təxirə salardı. İmran Xanın Rusiyaya səfəri müxalifətin ona qarşı təzyiqinin artmasına səbəb olub. Pakistan parlamentində İmran Xanın baş nazir vəzifəsindən uzaqlaşdırılması məqsədilə səsvermə planlaşdırılırdı. Koalisyon hökumətdən ayrılanlar oldu. Bu, İmran Xanın baş nazir kreslosunu itirməsinə yol açırdı. İmran Xan parlamentdə özü üçün mənfi nəticə ilə üzləşməmək üçün hadisələri qabaqlamağa üstünlük verdi. İmran Xan özü hökuməti buraxaraq erkən parlament seçkiləri təyin etdi. Yəni səsverməyə ehtiyac qalmadı. Yeni seçkiyə qədər isə İmran Xan vəzifəsini icra edəcək. Bu ona imkan verəcək ki, seçkiyə yaxşı hazırlaşa bilsin”. 

E.Şahinoğlu bəyan edib ki, İmran Xan ona qarşı təxribatın hazırlandığı qənaətindədir: 

“Təxribatın ünvanı kimi isə Vaşinqton göstərilir. Ağ Ev İmran Xanın xarici siyasətindən narazıdır. Birincisi, İmran Xan Çinlə ənənəvi müttəfiqliq siyasətini genişləndirir. İkincisi, İmran Xan Rusiya ilə ortaq layihələrə maraq göstərir. Bütün bunlar Vaşinqtonun xoşuna gəlmir. 

Onun fikrincə, hökumət koalisiyasının dağılmasının arxasında Vaşinqtonun siyasəti dayanır. ABŞ-ın Pakistandakı səfiri Ancella Aqeller Xarici İşlər Nazirliyinə çağrılaraq ona etiraz bildirilib. Pakistan kəşfiyyatı hətta baş nazirə qarşı qətl planı hazırlandığını açıqlayıb.

 ABŞ bütün bu iddiaları təkzib edib. Pakistanın özündə xarici siyasətdə Çinə və Rusiyaya birtərəfli üstünlüyün yanlış olduğunu vurğulayırlar. 

Əlbəttə, Amerikanın Hindistanla sıx əlaqələri Pakistandakı siyasi dairələrin xoşuna gəlmir. Ancaq Pakistanın Ağ Evlə ənənəvi əlaqələri mövcud olub və Rusiya ilə Çinin xeyrinə bu əlaqələrdən imtinanın yanlış olduğunu söyləyənlər var. Pakistan müxalifəti Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni və son qətliamları pisləyərək İslamabadın Kremllə strateji tərəfdaşlığa çalışmasını yanlış adlandırırlar.
  Pakistanın ordu generalları da Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağın tərəfdarıdırlar”.