İranda güneyli alim Əhmədrza Cəlalinin edam ediləcəyi qətiləşib - FOTO

İsveç-İran vətəndaşı olan Güney azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmü qətiləşib.
“Azad İran” “Telegram” kanalı yazır ki, məlumat İran Məhkəmə Sisteminin sözçüsü Zəbihullah Xudaiyan tərəfindən təsdiqlənib.
Onun sözlərinə görə, hökmün icra olunması üçün hazırlıq işləri görülür.
Xudaiyan İsveçdə mühakimə olunan və barəsində ömürlük həbs cəzası istənilən İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə Əhmədrza Cəlalinin dəyişdirilməsi məsələsinə də toxunub və bunların bir-birləri ilə heç bir əlaqəsi olmayan ayrı-ayrı məsələlər olduğunu deyib.

“Azad İran”ın məlumatına görə, edam hökmünün icra olunması üçün Əhmədrza Cəlali bu günədək bir neçə dəfə təkadamlıq kameraya köçürülüb. Ancaq beynəlxalq ictimaiyyətin və insan haqlarını müdafiə təşkilatlarının, habelə İsveç dövlətinin məsələyə müdaxiləsi nəticəsində edam ertələnib.

Güneyli alimin edam hökmünün qətiləşdiyi və onun may ayında edam ediləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra beynəlxalq səviyyədə etiraz bəyanatları səsləndirilib.

ABŞ Dövlət Departamenti, İsveç XİN, Beynəlxalq Əfv Təşkilatı və digər qurumlar İran hökumətini alimin edam hökmünü ləğv etməyə və onu azadlığa buraxmağa çağırıblar.