Nyu-Yorkda kütləvi atışma zamanı azı 7 nəfər həlak olub


Nyu-Yorkun Buffalo şəhərində supermarketdə baş verən kütləvi atışma zamanı azı 7 nəfər həlak olub.

AZƏRTAC “NBC News”a istinadla xəbər verir ki, daha bir qurbanın vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hərbi geyimdə olan bir kişi Cefferson prospektindəki “Tops Friendly” marketinə daxil olub və tüfəngdən atəş açmağa başlayıb.

Buffalo polisi bildirib ki, şübhəli şəxs nəzarətə götürülüb. Hadisə yerində isə ən azı iki tüfəng aşkarlanıb.

Səlahiyyətlilər ərzaq mağazasında cinayətkarın atəş açmasına nəyin səbəb olduğunu rəsmən müəyyən etməyiblər.