Parlamentari: Azərbaycanın əsas hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurda həyatın normallaşmasıdır

Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi davam edir. Bu günə kimi görülmüş işlər, infrastruktur layihələrinin icrası, yaşayış məntəqələrinin bərpası və nəticəsdə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması, 30 mindən artıq insanın orada yaşaması dövlətimiz üçün böyük müvəffəqiyyətdir. Qeyd edək ki, 2025-ci ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur. Həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid böyük məkana çevrilib.

Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Şərqi Zəngəzurda quruculuq-abadlıq işləri uğurla həyata keçirilir:

"Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə əlaqədar Böyük Qayıdış proqramını reallaşdırır. Prezident İlham Əliyev TV kanallarına verdiyi müsahibədə bu mövzulara xüsusilə vurğuladı. Ümumilikdə 2026-2027-ci ilə qədər keçmiş məcburi köçkünün Qarabağı və Şərqi Zəngəzurda yenidən öz həyatlarını davam etməsi və yaşayışlarının təmin edilməsi mümkün olacaq. Bu o deməkdir ki, onların mənzil şəraitinin təmin edilməsi ilə proses bitməyəcək. Onlar üçün iş yerlərinin açılması  vətəndaşların məşğulluq probleminin həll edilməsi hökumət qarşısında duran əsas məsələlərdən biridir. Unutmamalıyıq ki, 30 ilə yaxın bir müddət ərzində bu ərazilərdən kənarda yaşamaq məcburiyyətində qalan keçmiş məcburi köçkünlərin normal həyata qayıtması üçün çox böyük layihələr həyata keçirilməlidir. Çünki həmin insanlar əvvəl kənd, sonra isə burdakı həyat şəraitinə alışıblar. Bu baxımdan da məşğulluq məsələlərinin həll edilməsi, bu ərazilərdəki vətəndaşların icmal şəklində formalaşması və iş yerləri ilə əlaqədar problemlərin öz həllini tapması çox ağır, çətin prosesdir. Lakin Azərbaycan hökuməti bu işin də öhdəsindən layiqincə gələcək və gəlməkdədir".

Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda yenidən həyatın normallaşması paralel olaraq Zəngəzur dəhlizinin açılması, bu ərazilərin Naxçıvanla birləşdirilməsi nəzərdə tutulub:
"Çünki faktiki olaraq, Azərbaycan uzun illərdir ki, nəqliyyat şəbəkəsinin yaradılması ilə əlaqədar Böyük işlər görüb. Eyni zamanda Zəngilan və Füzuli hava limanları artıq istifadəyə verilib. 2025-ci ildə Laçın hava limanının da istifadəyə verilməsinə şahidlik edəcəyik. Qarabağ və Şərqi Zəngəzurda da beynəlxalq hava limanları da hazır olacaq. Həmçinin hazırda İran üzərindən Zəngilanı birləşdirən körpülərin inşası, yaxın dövrdə avtomobil və dəmir yolu xətlərinin istifadəsinə gətirib çıxaracaq. Bununla yanaşı, Ermənistanın da öz öhdəliklərini yerinə yetirməsi birbaşa Zəngilan və Naxçıvan arasında avtomobil və dəmir yolunun işə düşməsi ilə nəticələnəcək. Bununla da Azərbaycanın bütün Cənub Qərb ərazilərinin vahid qonşu iqtisadi ərazi olaraq birlikdə inkişaf edəcək. Nəticədə isə ümumilikdə Azərbaycan iqtisadiyyatı qat-qat irəliləyəcək. Məhz işğaldan azad edilmiş ərazilərdə yaşıl enerjiyə tamamilə keçid də gələcəyə hesablanmış layihələrdir. Növbəti onilliklərdə Azərbaycanın bütün bölgələrində bu təcrübəni yaxşı mənada istifadə edə biləcəyik. Ümumiyyətlə Azərbaycan dövlətinin qarşısında duran əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyatın normallaşması, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışının ən yüksək səviyyədə təmin edilməsi, nəticədə isə bu torpaqlardakı iqtisadiyyatın Azərbaycan iqtisadiyyatına inteqrasiyasının uğurla yekunlaşdıra bilməkdir. Bununla bağlı da planlı işlər görülür".