Ukrayna israrlıdır

Rusiya işğalına son qoyulana qədər dirəniş səngiməyəcək

"Putin özünü və ölkəsini geri dönüşü olmayan vəziyyətə salıb"


   Ukrayna ordusunun Xarkov istiqamətindəki əks-hücumunu dayandırmaq mümkün deyil. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib. O bildirib ki, ruslar da hiss edirlər ki, Ukrayna ordusunun əks-hücumunu dayandıra bilməyəcəklər. Ona görə də xaotik şəkildə geri çəkilirlər, hücumlarımızın qarşısını almaq üçün körpüləri partladırlar. Denisenkonun sözlərinə görə, ruslar qorxurlar ki, Ukrayna ordusu onların arxasına keçə bilər, o səbəbdən yolu kəsməyə çalışırlar: “Biz artıq sərhədin yaxınlığındayıq. Ümid edirik ki, yaxın günlərdə dövlət sərhədinə çıxmağı bacaracağıq”. 

Bütün dünya liderləri çalışır, Putin razı deyil!

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib ki, “Azovstal” müdafiəçilərini xilas etmək üçün beynəlxalq təşkilatlar və praktiki olaraq bütün dünya liderləri çalışır. Lakin Rusiya Prezidenti Vladimir Putin buna razılıq vermir.

O bildirib ki, ölkə hakimiyyəti “Azovstal”ın müdafiəçilərinin azad edilməsi üçün çox işlər görür, lakin bu, hərbi əməliyyatdır və onun təfərrüatını açıqlamaq mümkün deyil. Malyarın sözlərinə görə, əgər hazırda zavodda hərbi əməliyyat keçirmək və blokadadan çıxarmaq mümkün olsaydı, Ukrayna Silahlı Qüvvələri bunu mütləq edərdi: “Müxtəlif planlar nəzərdən keçirilir və hazırlanır, lakin bunlar hərbi planlardır, onları açıqlaya bilmərik. İndi demək olar ki, bütün dünya liderləri Putinlə danışığa cəlb olunub. Dövlətimiz onların hamısı ilə əlaqə saxlayır. Putinlə əlaqə saxlamaq üçün bütün mümkün beynəlxalq təşkilatlar cəlb olunub”.

“Rusiya çıxılmaz vəziyyətdə olduğunu anlamır!”

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna Rusiyanın Donbassda yeni hücum cəhdlərinə hazırlaşır: “Rusiyanın cənubda hansısa yollarla hərəkatı gücləndirmək cəhdlərinə hazırlaşırıq. İşğalçılar hələ də çıxılmaz vəziyyətdə olduqlarını, “xüsusi əməliyyat”ın iflas etdiyini etiraf etmək istəmirlər. Amma Ukrayna xalqı işğalçılara reallığı tam anlayana qədər təzyiq göstərəcək”. 

Belarus Ukrayna ordusunu Donbassdan yayındırır

Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb ki, Belarus qoşunlarının sərhəddə yerləşməsi Ukrayna ordusunu Donbassdakı əməliyyatlara dəstək verməkdən çəkindirə bilər: “Bu günə qədər Belarus qoşunları münaqişədə birbaşa iştirak etməyib. Lakin Belarus ərazisindən Rusiyanın Kiyev və Çerniqova hücumunda tramplin kimi istifadə olunurdu. Bundan başqa Rusiya Belarus ərazisindən uçuşlar və raket zərbələri üçün istifadə edirdi”.

Putin buna görə müharibə başlatdı

ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, Moskvanın başlatdığı müharibə dünya təhlükəsizliyinin əsaslarını sarsıtmaq məqsədi daşıyırdı. Suveren ölkənin məhvi və Şimali Atlantika Alyansı daxilində iğtişaşlar Rusiya rəhbərliyinin arzuladığı nəticə idi, lakin buna nail ola bilmədilər: “Prezident Putin Ukraynanı müstəqil ölkə kimi məhv edə və NATO-nu parçalaya biləcəyini düşünərək bu qəddar və səbəbsiz müharibəni başlatdı. Əvəzində o, ancaq Ukraynanın suverenliyini və müstəqilliyini möhkəmləndirdi. NATO həmişəkindən daha güclü, daha zəngin, daha sıxdır”.

Qərb Ukraynanı ayağa qaldırmağa dözəcəkmi?

Çexiya qəzetinin “Lidovky” köşə yazarı İştvan Leko deyib ki, Ukraynanın yenidən qurulması Qərbdən böyük maliyyə tələb edəcək: “Çətin ki, Qərb buna dözsün. Avropa komissarı Valdis Dombrovskis Ukraynanın bərpası üçün 500-600 milyard avro tələb olunduğunu söyləyib. Bu məbləğ on dəfə artacaq. Aydındır ki, Qərbin maliyyə qurbanları olmadan Ukraynanı ayağa qaldırmaq mümkün olmayacaq”.

Rusiyanın hərbi cinayətləri araşdırılacaq

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan deyib ki, BCM-nin 42 müstəntiqi rus hərbçilərinin törətdiyi hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək. O bildirib ki, bu, onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük müstəntiq qrupunun araşdırması olacaq. Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir. Xan qeyd edib ki, “Avrojust” təşkilatının dəstəyi ilə yaradılmış Polşa, Litva və Ukraynanın birgə istintaq qrupu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində Haaqa Məhkəməsi ümumi sənədlərlə tanış ola biləcək.

"Dərin böhranla üz-üzəyik"

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib ki, AB Ukraynadakı vəziyyətin qlobal iqtisadiyyat üçün nəticələrindən son dərəcə narahatdır, hesab edir ki, dünya dərin iqtisadi böhran ərəfəsindədir: “Biz bunun qlobal iqtisadiyyata təsirindən son dərəcə narahatıq. Dərin iqtisadi böhranla, o cümlədən qiymətlər, elektrik enerjisi və ərzaq böhranı ilə üz-üzəyik”. 

Rusiyaya qarşı altıncı sanksiyalar paketi...

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiya-Ukrayna müharibəsi ətrafında son hadisələri müzakirə etmək üçün bu gün Brüsseldə görüşəcəklər. İclasın gündəliyinə müharibənin nəticələri və Rusiyaya qarşı hələlik konsensusun əldə olunmadığı, enerji resurslarının ixracı qadağasının salındığı yekun sanksiyalar paketi də daxildir. Nazirlərin görüşü Aİ liderlərinin mayın 30-31-də keçirilməsi planlaşdırılan sammitindən əvvəl keçirilir. 

“Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına üzvlüyü üzərində sürətlə işləyirik”

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib ki, Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına üzvlüyü üzərində sürətlə iş gedir: “Amma Avropa Komissiyasının rəyinin nə olacağını indidən deyə bilmərəm. Biz həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük təşəbbüsünü dəstəkləyirik. Ümid edirəm ki, NATO-nun bəzi üzvlərinin bu məsələ ilə bağlı etirazlarını aradan qaldıra bilərik”. 

Yaponiya Ukraynaya 100 milyon dollar kredit verəcək

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Ukrayna Maliyyə Nazirliyi arasında Ukraynaya 100 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına dair saziş imzalanıb. Bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, bu kredit güzəştli şərtlərlə veriləcək. Bu, Ukrayna və Yaponiya arasında razılaşdırılmış maliyyə yardımının birinci hissəsidir. Bu vəsait ilk növbədə əhalinin ən həssas təbəqələrini dəstəkləmək üçün nəzərdə tutulmuş dövlət büdcəsinə yönəldiləcək.

“Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə Alyansın toqquşmasına səbəb ola bilər”

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib: “Ukraynanın NATO-ya daxil olması Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilər. Biz Finlandiya və İsveçin NATO-ya qoşulmasının Rusiyanın təhlükəsizliyinə yarada biləcək təhdidi diqqətlə izləyirik”. 

“Hazırda rollar dəyişib...”

Politoloq Elxan Şahinoğlu deyib ki, müharibənin başlanğıcında Kiyev müharibəni danışıqlar yolu ilə dayandırmağa, Kreml isə əksinə, müharibəni davam etdirməkdə maraqlı idi. Hazırda rollar dəyişib: 

“Rusiya müharibəni hansısa nəticə ilə yekunlaşdırmağa, Ukrayna isə işğalçını torpağından qovana qədər müharibəni davam etdirməkdə qətiyyətlidir. Putin özünü və ölkəsini geri dönüşü olmayan vəziyyətə salıb”.