Müharibə Rusiyanın sərhədlərinə yaxınlaşır

Kreml Ukraynadan sonrakı hədəflərinə təkbaşına getmək istəmir

   “Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi nə Moskvanın, nə də Qərbin ambisiyalarını sıradan çıxarır. Əksinə, hər keçən gün tərəflər biri digərini neytrallaşdırmaq üçün müxtəlif strategiyalar işləyib hazırlayırlar”. 

Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Rusiya hazırda təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin artırılmasının riyazi hesablamalarını aparır və əldə etdiyi bərabərlik işarələrini Belarus tərəfinə ötürür: 

“Belarusun müdafiə naziri Viktro Xrenin bildirib ki, gələcəkdə KTMT-nin sıraları genişlənəcək. O, mövqeyini sühə və sabitliyə töhfəverici ideya kimi interpretasiya etmək istəsə də, bu, pərdəarxası məqamlarda daha təhlükəli ssenarilərin masada olduğundan xəbər verir.  KTMT Rusiyanın çətiri altında olduğundan, Moskva təşkilatın üzvlərinin çoxalması ilə üç istiqamət üzrə hesablama aparır. Ukraynadakı müharibənin davam edəcəyi “müjdəsi” verilir. Bununla da, Rusiya müharibənin daha çox ölkələrə təsir edəcəyi rəyi yaradacaq və onlara real təhlükə olduğu fikrini aşılayacaq. 

Amma Rusiyanın siyasi cəhətdən beynəlxalq təcridi və Moskvadan gələn təhlükələr ölkələri daha ehtiyatlı davranmağa vadar edəcək və onların KTMT-yə üzvlüyündə mümkünlük dərəcəsi aşağı enəcək. Rusiya Ukraynadan sonrakı hədəflərinə təkbaşına getmək istəmir, necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarar”. Əgər KTMT ailəsinə qoşulanların sayı artsa, Rusiya NATO-ya qarşı onları da qoyacaq. Rusiya ola bilsin ki, Ukraynadakı müharibənin öz sərhədlərinə çatacağını və Rusiyaya hücum olacağı planlarını düşünür, hərçənd ki, bu versiya zəifdir. Onsuz da, Rusiya sərhədlərinə təhdid yaransa, KTMT öz Nizamnaməsinin 4-cü bəndinə əsasən kollektiv müdafiə yaratmalıdır. Lakin təşkilat daxilində bu ideyalardan sapmalar da müşahidə edilə bilər”. 

Ekspertə görə, bütün mühakimələr nəticə etibarı ilə bir-birilə bağlıdır: “Rusiya dəfələrlə Azərbaycanı KTMT-də üzv kimi görmək istədiyini dilə gətirib. Lakin Bakı Qərblə Rusiya arasındakı incə balanslaşdırma siyasətinin ruhuna uyğun davranaraq təşkilata üzvlük barədə düşünmür. 

Rusiya çalışır ki, Azərbaycan heç olmasa, müşahidəçi qismində təşkilatda təmsilçilik hüququna yiyələnsin, hərçənd ki, bu da çətin məsələdir. 

Hazırda Rusiyanın arzusunda olan ölkələr sırasında İranın KTMT-də iştirakı daha inandırıcı səslənir. İranın Rusiyadakı səfiri Kazım Cəlali KTMT məsələsinə vurğu etməsə də, onun ölkəsi ilə Moskva arasında hərbi-texniki əməkdaşlığa dair verdiyi açıqlama maraq oyadır.

 Hesab etmək olar ki, İranın da, Rusiyanın da beynəlxalq aləmdə təklənməsi bu iki ölkənin yeni platformada səylərini birləşdirəcək. Amma İranın quruma üzvlüyü yox, müşahidəçi qismində töhfəsi daha real görünür”.