Tacikistanda vəziyyət gərginləşə bilər


Ölkənin müxalifəti “Taliban”a yaxındır

Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar müşahidə olunur. Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildiriblər. Məlumata görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında gərginlikdən sonra baş verib. İlk olaraq “taliblər” atəş açıb.

Hələlik Tacikistanın hökumət strukturları və Əfqanıstanda nəzarəti əlinə almış “Taliban” nümayəndələri xəbəri şərh etməyiblər. 

Orta Asiyada baş verən gərginliklə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazə deyib ki, ümumiyyətlə, Tacikistanda daxili siyasi vəziyyət qeyri-məqbuldur. Onun sözlərinə görə, hərbi müxalifət yenidən aktivləşmək istəyir:

 “Bundan əlavə “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Mərkəzi Asiya istiqamətində, xüsusi ilə Tacikistana qarşı siyasətdə müəyyən dəyişikliklər olacağı istisna deyildi. Çünki “Taliban”a qarşı döyüşçülər Tacikistanda hazırlanırdı. Etnik cəhətdən taciklər Əfqanıstanda da “Taliban”la münaqişədədir. Ona görə də “Taliban” qüvvələri Tacikistanla sərhədə tam nəzarət etmək və buradan ölkə ərazisinə silahlıların girişinin qarşısını almaq istəyir. Sərhəddəki insidentin səbəbi budur. Həmçinin, beynəlxalq güclər də Tacikistanda Rusiyanın fəaliyyətini zəiflətmək üçün “Taliban”dan istifadə edirlər. Tacikistandakı silahlı müxalifət “Taliban”a yaxındır”.