“Deutsche Bank” Rusiyanın iri banklarının hesablarını bağlayıb

Almaniyanın “Deutsche Bank”ı bankda avro müxbir hesabları açmış bəzi iri Rusiya bankları ilə əlaqələri dayandırıb.
“Deutsche Bank” martın ortalarında Rusiya banklarına aprelin 8-də hesablarının bağlanacağı ilə bağlı bildiriş göndərib. Məlumatlara görə, hesablar aprelin 7-dək aktiv olub və aprelin 20-də bağlanıb.
“Hazırda “Deutsche Bank”ın Rusiyanın kiçik banklarında diqqəti cəlb etməyən, az əməliyyatları olan bir neçə müxbir hesabı var”, – deyə məlumatlı mənbə  bildirib.
İnformasiyaya görə, bankda əməliyyatların sayı artarsa, “Deutsche Bank” hesabı bağlayır.
“Xarici banklar sanksiyalara məruz qalan təşkilatlarla ödənişlər və pul köçürmələri əməliyyatlarını reallaşdırmaqdan qorxurlar”, – deyə “Ekspert RA”nın Validasiya Departamentinin idarəedici direktoru Yuri Belikov bildirib.
Mart ayında Ukraynadakı hadisələr fonunda “Deutsche Bank” Rusiyada qalan biznesini bağladığını elan etmiş və artıq ölkədə yeni layihələrdə iştirak etmək niyyətində olmadığını bildirmişdi.

Mənbə: Lenta.ru