Nəhayət koronavirus Şimali Koreyaya çatdı


Kim Yong pandemiya ilə mübarizə üçün ordunu səfərbər edib

Koronavirus pandemiyası elan ediləndən bugünədək Şimali Koreya heç bir xəbərdarlığa məhəl qoymayan yeganə ölkə oldu. Pandemiyanın 3-cü ilində nəhayət Ş.Koreyada koronavirusa ilk yoluxma və ölüm hallarının qeydə alındığı elan edilib. “Şərq” “Milliyet.con”a istinadən xəbər verir ki, Ş.Koreyanın rəsmi xəbər agentliyi “KCNA” ölkədə Omicron ştammından 6 nəfərin öldüyünü, 187 nəfərin yüksək hərarət səbəbindən karantin altına alındığını bildirib. Koronavirusa yoluxduğu ehtimal edilənlər isə 350 min nəfərdir. Ş.Koreya lideri Kim Yong küçəyə çıxmaq qadağası qoyub. Pandemiyanı elan edən Ş.Koreya lideri efirə ilk dəfə tibbi maska taxaraq çıxıb. Və məmurları bacarıqsızlıqda suçlayıb. Pandemiya ilə mübarizə üçün ordunu səfərbər edib. Xəbər agentliyi karantin qaydalarının tətbiqi üçün küçələrə axışan hərbçilərin fotosunu yayıb. Ş.Koreya koronavirusa qarşı heç bir peyvəndi qəbul etmir. Vətəndaşlara virusla mübarizədə təbii üsullardan istifadə tövsiye edilir: bol çay için, duzlu su ilə səhər-axşam qarqara edin! İqtidar partiyasının mətbu orqanı “Rodong Simnun” isə xəstəliyi ağır keçirməyənlərə söyüd yarpağı qaynadılmış suya zəncəfil, ya da “xanıməli” bitkisi əlavə edərək içməyi məsləhət görür. Ümumdünya Səhiyyə Təşkilatı isə Ş.Koreya əhalisinin normal qidalanmadığını əsas gətirərək vətəndaşların xəstəliklə mücadiləsinin çətin olacağını bildirib. Ş.Koreyada son illərdə həqiqətən də ərzaq qıtlığı yaşanır.  Deyilənə görə, 25 milyon  əhalinin 11 milyonu yetərsiz qidalanır.