Ölkəni böləcəklər... - Ukraynanı sonu yaxşı olmayan aqibət gözləyir

“Ukrayna üzərindəki Qərb-Rusiya savaşının gələcəyi ilə bağlı qeyri-müəyyənlik, nəhayət ki, aradan qaldırılmaqda və real çözüm yolları üzərindəki sirr pərdəsi götürülməkdədir”. Bu barədə siyasi şərhçi Elxan Şükürlü deyib. Analitik bildirib ki, ABŞ “dərin dövlət”inin əsas siması sayılan, “pərdəarxası razılaşmalar ustası” adlandırılan və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb danışmaq səlahiyyətinə malik Henri Kissincer Davos Forumundakı çıxışı zamanı Qərbin Rusiya siyasətini açıq şəkildə tənqid edib. O bildirib ki, fəlakətdən yayınmaq və sülh əldə etmək üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir: 

“Yaxın iki ay ərzində danışıqlara başlanılmalıdır. İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı... Rusiya 400 ildir Avropanın əvəzolunmaz hissəsi və kritik dövrlərdə Avropanın güc balansının qarantı olub. Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı ittifaqa itələməməlidir”. Kissinceri bilənlər anlayır ki, Amerika siyasətinin artıq 100 yaşını haqlamaq üzrə olan patriarxı və yəhudi əsilli nəhəng strateq müharibəni dayandırmaq və sülh üçün Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsinin gərəkliyinə çağırış edirsə, deməli, post-münaqişə dövründə qurulacaq yeni dünya nizamında da Ukrayna, ən yaxşı halda, bölünmüş ölkə olaraq nəzərdən keçirilir. Yəni qısa desək, Ukrayna Avropa İttifaqının bir parçasına çevrilmək istəyirsə, Rusiyanın ələ keçirdiyi torpaqların itirilməsiylə barışmalıdır”.

E.Şükürlü vurğulayıb ki, Kissincerin bu mövqeyi təkcə ABŞ-da yox, Avropada da geniş dəstək qazanmaqdadır:

 “Avropalı analitiklərin bir qismi artıq o qənaətdədir ki, 46 milyonluq Ukraynada say etibarilə ikinci əhali ruslardır. Onlar Ukraynanın şərqində və Krımda kompakt şəkildə yaşayırlar. Ukraynanın bütöv şəkildə Avropa İttifaqına qəbulu gələcəkdə rus kəşfiyyatının Avrozonada hərəkətini, birliyin işinə müdaxiləsini xeyli asanlaşdıracaq. Ona görə də onlar Ukraynanın pravoslav rusların yaşadığı Şərqiylə birgə deyil, bölünərək, daha çox katolik məzhəbinə riyaət edən, ukraincə danışan Qərb hissəsinin Avropa İttifaqına cəlbində maraqlıdırlar. 

Qərbə üz tutmağı rəsmi siyasətə çevirəcəyi təqdirdə, Ukraynanı məhz belə bir aqibətin gözləyəcəyini ilk dəfə nüfuzlu amerikalı alim Samuel Hantinqton hələ 1996-cı ildə çap olunan “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” adlı kitabında yazmışdı...”.