Ukrayna öz ərazilərinin bir hissəsini güzəştə getməlidir

Fransa, Almaniya, İtaliya və Macarıstan Ukraynanı danışıqlar masasına itələyirlər

“Türkiyəni İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyduğuna görə qınamaq tamamilə məntiqsiz və əsassızdır”. Bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli deyib. Analitik bildirib ki, üstəlik, bunu rəsmi Ankaranın Rusiyanın maraqlarına uyğun davranması kimi yozmaq məqsədli uydurmadan başqa bir şey deyil: “Rəsmi Ankaranın bu mövqeyi birmənalı şəkildə yalnız Türkiyənin milli təhlükəsizlik maraqlarına bağlıdır.

İsveç və Finlandiya "insan haqları bəhanəsi" altında Türkiyəyə qarşı yönəlmiş terrorizmi dəstəkləyir, hətta ona sponsorluq edir. Ona görə də Türkiyə haqlı olaraq, terrorizmi fəal şəkildə dəstəkləyən bu iki ölkəni öz mövqelərinə düzəliş etməyənə qədər NATO müttəfiqləri sırasında görmək istəmir. Əgər kimlərsə, Rusiyanı dəstəkləyən, Kreml üçün beynəlxalq lobbiçilik missiyasını öz üzərinə götürən dövlət axtarırlarsa, onlar mütləq Avropa Birliyinin tərkibinə baxmalıdırlar. Hazırda Fransa, Almaniya, İtaliya və Macarıstan Rusiyanı açıq-aşkar dəstəkləyirlər. Bu dövlətlər Rusiya enerji resurslarının əsas idxalçıları kimi, Rusiyanın Ukrayna savaşına yönəlik hərbi xərclərinin əhəmiyyətli hissəsini ödəyirlər”.

Politoloq vurğulayıb ki, hazırda Fransa, Almaniya, İtaliya və Macarıstan Rusiyanı Ukrayna savaşından daha az itkilərlə çıxarmaq üçün fəal lobbiçilik edirlər: “Bu dövlətlər rəsmi Kiyevə Rusiya ilə sülh danışıqları masasına geri dönməyi təklif edirlər.

 Fransa, Almaniya, İtaliya və Macarıstanın ortaq təklifi ondan ibarətdir ki, Rusiya ilə sülh sazişinin imzalanmasına nail olmaq üçün Ukrayna öz ərazilərinin bir hissəsini güzəştə getməlidir. Belə anlaşılır ki, dörd dövlət enerji resurslarına olan ehtiyacları da daxil olmaqla, özlərinin Rusiyaya bağlı maraqlarını məhz Ukraynanın ərazilərinin peşkəş edilməsi hesabına həll etməyə çalışır. Kremlin Fransa, Almaniya, İtaliya və Macarıstan üzərindəki təsir imkanları Rusiya əleyhinə beynəlxalq koalisiyanın parçalanmasına belə səbəb ola bilər. Əslində, Kreml belə bir parçalanmaya hələ Ukrayna savaşının ilk həftələrində ümid bəsləyirdi.

Bundan sonrakı mərhələdə Rusiya zəiflədikcə, hərbi məğlubiyyət qaçılmaz olduqca, Kremlə Qərbdə lobbiçilik edənlər də fəallaşacaqlar. Kreml Rusiyanın Qərbdəki "5-ci kolon"unu tam gücü ilə hərəkətə gətirməyə cəhd göstərəcək.

Rusiya enerji resurslarından asılı olan ölkələr, eləcə də Rusiyanın dövlət və özəl  şirkətlərindən para qazanmış nüfuzlu siyasi xadimlər Kremli düşdüyü vəziyyətdən çıxartmaq üçün əllərindən gələn hər şeyi edəcəklər, bu yöndə beynəlxalq propoqandanı gücləndirəcəklər”.