"Rusiya çalışır ki, istəyinə şantajla nail olsun"
Natiq Miri: "Moskvanın indiki zəifləmiş durumunda Ukrayna yaxın 2-3 ay ərzində Rusiyanın öhdəsindən gələ biləcək"
Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində bildirib ki, Qərb Rusiya ilə oynamağı dayandırmalıdır:
"Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır. Bundan ötrü Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməlidir. Ukrayna müstəqil olaraq qalacaq. Sadəcə sual bunun nəyin bahasına olmasıdır".
V.Zelenski həmçinin Avropa İttifaqını tənqid edib:
“Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha neçə həftə gözləyəcək?! Rusiyaya təzyiq insanların həyatını xilas etmək deməkdir. Rusiyanı “sakitləşdirmək” üçün müxtəlif təkliflər isə sadəcə ukraynalıların öldürülməsinə səbəb olmaqdır".
Qeyd edək ki, Ukrayna lideri bundan əvvəl də Qərblə bağlı tənqidi fikirlər səsləndirib.
Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, indiki vaxtda Ukraynaya qarşı müharibə əslində 2008-ci ildə Qərb dünyasının, başda da ABŞ-ın Rusiyanın qarşısından qaçmaqla, Gürcüstanı qurban verməklə rəsmi Moskvaya edilən güzəştlərin fonunda bu dəhşətli cinayətlə baş verib və davam edəcək:
"Yəni 2008-ci il Gürcüstan, 2014-cü il isə Krım, Sevastopol, Donbass hərbi müdaxiləsini yetişdirib. 8 il əvvəl separat danışıqlarla, xüsusilə də Avropanın aparıcı qüvvələri olan Almaniya və Fransanın Putinlə sövdələşməsi MİNSK-1, MİNSK-2 saxta sənədləri ortaya çıxarıb. Həmin sənədlər və xəyanət 2022-ci il fevralın 24-də yeni bir Ukrayna-Rusiya müharibəsini tətikləyib. 5-10 ildən sonra Rusiyanın Ukraynaya növbəti daha böyük hərbi savaşı ola bilər.
Bu məsələləri əlbəttə ki, maliyyələşdirən, təşkil edən, güclü bir maliyyə, siyasi güc mərkəzləri var. Sözsüz ki, Rusiyanın qaz və neft pulları da bu istiqamətdə əhəmiyyətli rol oynayıb. Diqqət etsək, görərik ki, rus pulları ilə milyarder olmuşlar artıq bu gün qərb dünyasını parçalamaq və Ukrayna işğalına razılıq verilməsini tələb edirlər. Amma ortada başqa israrlar da var. Yəni Ukraynanı müdafiə edən ABŞ, Böyük Britaniya kimi hegemon dövlətlər də mövcuddur. Bu ölkələr həqiqətən də indiki vəziyyətdə müharibənin Rusiyanın şərtləri ilə bitməsində maraqlı deyillər. Bundan başqa, hətta böyük qüvvələr Ukraynanı bu məsələyə vadar etmək istəsələr belə, o, alçaldıcı məğlubiyyətə getməyəcək. Son qanına qədər döyüşməyi seçəcək. Çünki Zelenski hakimiyyəti buna razılıq vermiş olsa da, Ukrayna xalqı bundan məmnunluq duymayacaq. Əks təqdirdə yüz minlərlə ölən ukraynalı mülki şəxslər, Rusiyaya girov aparılan uşaqları, həlak olan Ukrayna hərbçilərinin qanı ilə bağlı kim hesabat verəcək?! Rusiyanın vəhşicəsinə hərbi müdaxiləsi artıq Ukrayna üçün və sivil, demokratik dünya üçün geriyə dönməz bir vəziyyət yaradıb. Belə bir məqamda üstəlik bu vandallıqların, hərbi cinayətlərin fonunda Rusiyanın istər hərbi, istərsə də siyasi rəhbərliyi cəzasız qala bilməz. Çünki ortada müharibə cinayətləri, dəhşətli soyqrım hadisələri var. Kreml hərəkətə keçib, Qərb dünyasını, xüsusilə də Qərb şirkətlərini qlobal səviyyədə aclıq yaratmaq hədəsi ilə qorxutmaq istəyir. Çünki bildiyimiz kimi, Qara dənizdə əksər limanlarda Ukrayna ixracat edə bilmir.
Bütün ticarət gəmilərinin Qara dəniz vasitəsilə qərbə gediş-gəlişi tamamilə Rusiyanın nəzarətində olduğu üçün hazırda mümkün sayılmır. Bu da əlbəttə ki, Ukrayna, Qərb dünyası deyil, Yaxın Şərq, Afrika ölkələri üçün də böyük bir aclıq təhlükəsi yaradır. Putinin ikinci bir şantajı, aclıq hədəsi fonunda yenidən Yaxın Şərq və Afrikadan Qərb dünyasına, Avropa ölkələrinə yeni miqrasiya dalğası başlaya bilər. Digər bir təhdid isə özünün emisarlarını Avropaya, Qərb dünyasına, ABŞ-a göndərməklə sülhün əldə olunması ilə bağlı danışıqlar aparır. Başqa tərəfdən maliyyələşdirdiyi və satın aldığı qərb diplomatlarını və siyasətçilərini də dövriyyəyə buraxmaqla Qərb Birliyində parçlanma yaratmaq istəyir.
Amma bu, başda Ukrayna prezidenti olmaqla xalqın və əsgərlərin qətiyyətli, cəsarətli, dik duruşu ilə mümkün olmayacaq.
Amma Böyük Britaniya, ABŞ kimi dövlətlər və qətiyyyətli hakimiyyətlər Rusiyanın bu şərtlərlə müharibəni bitirdiyi təqdirdə gələcək perspektivdə Kremlin daha da güclənərək, Qərbin üstünə gələ biləcəyi həqiqətini anlayır. Həmin dövlətlər imkan verməyəcək ki, Avropada, Qərbdə olan bu çatlaq səslərlə Rusiyanın istədikləri həyata keçsin.
Ona görə də Rusiya bir tərəfdən çalışır ki, istədiklərinə qeyd etdiyimiz 3 şantajla nail olsun. Bundan əlavə, Ukraynanın sözün əsl mənasında dirənişi və ona dəstək verən ABŞ, Böyük Britaniya kimi dövlətlərin dik duruşu var. Əgər Avropada bu cür parçalanma yaranarsa, əmin olmaq lazımdır ki, dövriyyəyə daxil olan dövlətlər Ukraynanın Rusiyaya davamlılığına dəstəyi davam etdirəcəklər. Çünki AB-yə Avropada yeni bir ittifaqın yaranmasının toxumları səpilir. Yeni birliyi təşkil edən, başında duran məhz Böyük Britaniyadır. O artıq Baltikyanı ölkələri də öz yanına çəkərək, yeni bir Avropa Birliyi yaratmaq istəyindədir. Artıq bu yöndə Ukrayna rəhbərliyinə verilən təkliflər sırasında qardaş Türkiyənin olduğu da bildirilir. Doğrudur, rəsmi Ankaranın məsələyə razılıq verdiyi deyilmir, amma hər bir halda artıq alternativlər düşünülüb. Yəni əgər Avropa Birliyində parçalanma səsləri olacaqsa və Ukraynaya xəyanət edərək, rusiyayönlü siyasət aparılacaqsa, bu, Aİ-nin parçalanmasına gətirib, çıxaracaq.
Eyni zamanda sözsüz ki, Rusiyanın maraqlarına xidmət edəcək. Lakin rəsmi Moskvanın indiki zəifləmiş durumunda Ukrayna yaxın 2-3 ay ərzində Rusiyanın öhdəsindən gələ biləcək. Nəticə etibarilə Kreml məğlub durumda olacaq. Dövlət başçısı Vladimir Putin istədiklərini əldə edə bilməyəcək".