"Hiss edirəm, iqtisadi böhran ağır olacaq"


Elon Musk şirkətinə işə qəbulları dayandırmağı tapşırıb

Dünyanın ən zəngin insanı Elon Musk avtomobil şirkəti  “Tesla”da işə qəbulu dayandırıb və işçi sayını 10 faiz azaltmaq qərarı verib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumatda qeyd olunur ki, E.Musk İdarə Heyəti üzvlərinə “iqtisadi krizisin çox pis olacağını hiss edirəm”, deyib. Bu səbəbdən də elektriklə işləyən avtomobillərin istehsalını azaltmaq qərarına gəlib. E.Musk “dünya miqyasında bütün işə qəbulları dayandırın” tapşırığı verib. 2021-ci il statistikasına görə ”Tesla” şirkətinin 100 min işçisi var. 

“Reuters”in xəbərinin ardınca həm ABŞ birjasında, həm də Frankfurtda  “Tesla” səhmlərinin qiyməti düşüb. “İNG” Niderland bankının qlobal makroiqtisadi tədqiqat mərkəzinin başqanı Carsten Brzeski isə “Muskun açıqladığı “hiss” artıq bir çox insan tərəfindən paylaşılır”, deyib. C.Brzeski “ilin sonuna qlobal iqtisadiyyatda “soyuqlama” gözlənilir. Çin və Avropa özünü toparlaya bilməyəcək” söyləyib.