Baş nazir:“Aİ Gürcüstana namizəd statusu verməsə, bundan yalnız Rusiya məmnun qalacaq”

"Təsəvvür edək ki, Avropa İttifaqı bizə üzvlüyə namizəd statusu verməyəcək. Bundan kim razı qalacaq? Yalnız Rusiya”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bratislavada keçirilən “GLOBSEC 2022” Qlobal Təhlükəsizlik Forumunda çıxışında deyib.
O qeyd edib ki, namizəd statusunun təqdim edilməsi üzv olmaq demək deyil: “Biz Moldova, Gürcüstan və Ukraynada gənc demokratiyaları təşviq etməliyik. Avropalı dostlarımızı inandırmalıyıq ki, namizəd statusu hər üç ölkəyə təqdim edilsin”.
İ.Qaribaşvilinin sözlərinə görə, namizəd statusunu əldə etmək Gürcüstana əlavə motivasiya verəcək: “Bu, bizim əldə etdiyimiz tərəqqinin tanınması olacaq. Gürcüstan Avropa İttifaqına inteqrasiya üçün qısa yol axtarmır. Biz bundan sonra da islahatları davam etdirəcəyik”.
Baş nazir vurğulayıb ki, Gürcüstan ev tapşırığını yerinə yetirib və Avropa İttifaqının cavabını gözləyir: “Biz anlamalıyıq ki, statusun verilməsi və yaxud verilməməsi siyasi, strateji qərardır, həmçinin əxlaqi mövzudur”.