İraq təxribatı Türkiyəni yolundan döndərə bilməz

Real odur ki, Türkiyə, Rusiya və İran dərd ortaqlarıdır. Hər üç ölkənin ciddi məqamlarla bağlı ortaq maraqları üst-üstə düşür


  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib. Nazir belə informasiyaların həqiqət olmadığını söyləyib: “Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb. Bu hücumla bağlı Türkiyəni ittiham edən və ləkələyən xəbərlər də var. Biz açıqlamamızda bunu açıq şəkildə təkzib etmişik, daha doğrusu, bütün dünya bilir ki, Türkiyə heç vaxt dinc əhaliyə qarşı əks-hücum keçirməyib”. 

Çavuşoğlu qeyd edib ki, Türkiyə beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizəmizi davam etdirir: “Heç bir mülki şəxsə hücum etməmişik. Hədəfimiz Suriyadakı terror təşkilatları olub. Əməliyyatlarımız İraqda həmişə terror təşkilatlarına qarşı yönəlib. Terror təşkilatları tərəfindən həyata keçirildiyini düşündüyümüz bu xain hücumla bağlı İraq rəsmiləri ilə əməkdaşlıq edə biləcəyimizi də açıqladıq. Türkiyəyə qarşı ittihamları rədd edirik və bəyanatları rədd edirik”. Qeyd edək ki, iraqlılar Türkiyə ərazisindən açılan artilleriya atəşi nəticəsində 8 nəfərin öldüyünü, 23 nəfərin isə yaralandığını iddia ediblər. Yüzlərlə adam səfirliyə hücum etməyə cəhd göstərib, türk bayrağını yandırıblar. Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında mülki sakinlərin ölümü ilə nəticələnən hadisəni PKK terror qruplaşmasının törətdiyini açıqlayıb. Rəsmi Ankara hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə edəcəyini açıqlayıb. Rəsmi Bağdad isə İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfiri Hüseyin El-Hatibini geri çağırıb. Xatırladaq ki, sözügedən gərginlik Türkiyə və Rusiya liderlərinin İrana səfərindən, üç ölkə başçısının mühüm görüşlərindən sonra gündəmə gəlib. 

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə deyib ki, beynəlxalq güclər Türkiyə, Rusiya və İranın bir araya gəlməsində maraqlı deyil. Partiya rəhbərinin sözlərinə görə, oturuşmuş güclər yeni siyasi konfiqurasiyada özlərinə rəqib güclərin meydana çıxmasını istəmirlər:

 “Türkiyə, Rusiya və İran, o cümlədən digər bir neçə dövlətin bir araya gəlməsi yeni hərbi-siyasi güc mərkəzinin yaranmasıdır. Mümkündür ki, İran və Türkiyə münasibətlərinin gərginləşməsi üçün hansısa üçüncü tərəf təxribata əl atsın. Bu, mümkündür. Hazırda Rusiya-Türkiyə, o cümlədən İran-Türkiyə münasibətlərinin kəskinləşməsi Qərbə, ABŞ və Avropaya sərf edir. Əgər Tehran hökuməti Şimali İraqdakı terror hadisəsində əlinin olmadığını Ankaraya sübut etmək istəyirsə, müəyyən addımlar ata bilər. Məsələn, Türkiyənin terrorçu qruplarla bağlı haqlı tələblərini qəbul edər.   Xoşməramlı siyasi-hərbi addımlar ata bilər. Ancaq hələlik bunu görmürük. Ümumiyyətlə, İran və Rusiya Türkiyə ilə münasibətlərdə səmimi deyil. Bu dövlətlər uzun müddət qlobal güclərin incik saldığı, siyasi-iqtisadi təzyiqlərə məruz qalmış ölkələr olublar. Reallıq isə odur ki, Türkiyə, Rusiya və İran dərd ortaqlarıdır. Hər üç ölkənin ciddi məqamlarla bağlı ortaq maraqları üst-üstə düşür. Moskva və Tehran çalışmalıdır ki, Türkiyə ilə əlaqələr səmimi və etibarlı zəmində oturuşsun. Çünki hər iki ölkənin xilası Türkiyə ilə əməkdaşlıqdan çox asılıdır. İndiki halda İran və Rusiya ilə münasibətlərin normallaşması Türkiyə üçün də faydalıdır”.