Rusiyanın SSRİ-ni bərpa etmək üçün resursları yoxdur

Ukraynada sürən müharibə Putinin siyasi fiaskosu ilə nəticələnəcək


  “Rusiyanın Müdafiə naziri Sergey Şoyqu SSRİ-nin yaradılacağını qeyd etməklə Putinin planını açıq şəkildə elan etdi”. Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, bu gün Kremldə olan komandanın əsas planı Rusiyaya qonşu ölkələrin ərazisi hesabına “sovet ittifaqını” bərpa etməkdir: “Ona görə də Ukraynaya hücum edilib, Belarusla ittifaq dövləti müqaviləsi bağlanıb. 

Həmçinin, Qazaxıstan şantaj edilir, Özbəkistanda Qaraqalpakstan ayağa qaldırılır. Baş verənlərə nəzər saldıqda Kremlin siyasi konsepsiyası məhz post-sovet məkanında öz təsirini bərpa etməkdir. Qərbdə də yaxşı bilirlər ki, Rusiyanın Ukraynada hərbi məqsədlərinə çatması, yeni SSRİ-nin bərpa edilməsi deməkdir. Bununla Rusiya yeni geopolitik nizamda iki qütblü dünya yaratmaq planına malikdir. Birmənalı şəkildə Şoyqunun SSRİ barədə qeydləri qonşu ölkələrin suverenliyini təhdid edir. Burada baltikyanı ölkələr də hədəf alınır. Bundan əlavə,  Rusiyanın ikitərəfli müqavilələrdə səmimi olmadığı aydın göstərir”. 

  Ekspertə görə, Rusiyanın SSRİ-ni bərpa etmək üçün resursları yoxdur: 

“Ukraynada sürən müharibə Putinin siyasi fiaskosu ilə nəticələnəcək. Müharibədən sonra Rusiya zəif və geosiyasi əhəmiyyəti olmayan statusda olacaq. Ötən əsrdə Qərb  SSRİ-ni siyasi-hərbi yüksəlişi dövründə Əfqanıstan bataqlığına salaraq zəiflətdi və dağıtdı. Rusiya Putinin hakimiyyəti dövründə müəyyən qədər siyasi-hərbi yüksəliş əldə etmişdi. 

Ancaq Qərb Kremli Ukrayna bataqlığına salmaqla Rusiyanı zəiflətdi. Daha doğrusu, Rusiya Ukraynaya hücum etməklə, buna  əsaslar yaratdı. Rusiya Cənubi Qafqazda da kifayət qədər zəifləyir. 

Məhz Prezident İlham Əliyevin Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması ilə bağlı Rusiyaya tənqidi yanaşması və dərhal Ermənistan tərəfinin ordu birləşmələrini çıxaracağını elan etməsi göstərir ki, Moskvanın mövqeləri həqiqətən zəifləyib. Azərbaycan Avropa İttifaqı ilə enerji və digər aspektlərdə əməkdaşlığı inkişaf etdirməlidir. 

Qərb də Azərbaycana ciddi dəstək verir. Bundan sonra Rusiyanın Azərbaycana təzyiqləri tam neytrallaşacaq”.