Rusiya prosesləri tormozlayır

İrəvanın mövqeyində dəyişikliklər yoxdur

Türkiyə Ermənistana “sözdə deyil, əməldə hərəkət olmalıdır” mesajını verdi

  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistana növbəti dəfə xəbərdarlıq edib. XİN başçısı vurğulayıb ki, Ankara normallaşma prosesində Ermənistandan səmimiyyət gözləyir: “Türkiyə və Azərbaycan olaraq Cənubi Qafqazda sülh və sabitlik istəyirik. Biz Ermənistan da daxil olmaqla, hər kəs üçün faydalı olan sülh arzu edirik. Qarabağ Zəfərindən sonra Azərbaycanın mövqeyi və bəyanatları ortada, bizim də açıqlamalarımız bəllidir”. 

Çavuşoğlu 44 günlük müharibədən sonrakı proseslər, bölgədə münasibətlərin normallaşması istiqamətində Azərbaycan və Türkiyənin atdıqları addımlar, Ermənistan tərəfindən verilən bəzi qarşılıqlar və digər məsələlər barədə geniş məlumat verib. O, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olduğunu, hökumət rəsmilərinin keçirdikləri ikitərəfli görüşləri xatırladaraq bölgədə həyata keçirilən beynəlxalq layihələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazir Mövlud Çavuşoğlu Azərbaycan və Türkiyənin prosesi məsləhətləşmələr çərçivəsində irəli aparmaqda olduğunu bir daha vurğulayıb. Bildirib: “Azərbaycan və Türkiyə normallaşma prosesində səmimidir, Ermənistandan da eyni mövqeni gözləyirik”. Nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti sülh və normallaşma prosesi üçün qətiyyətli addımlar atmalıdır.

  Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə deyib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində real addımlar atılması İrəvanın siyasi mövqeyindən asılıdır. Ekspertə görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistana “sözdə deyil, əməldə hərəkət olmalıdır” mesajını verdi: 

“İrəvanın mövqeyində dəyişikliklər yoxdur, Rusiya prosesləri tormozlayır. İki ölkə arasında münasibətlərin qurulması Ermənistanın Azərbaycanla sülh danışıqlarından asılı olacaq. Təbii ki, Ankara bu siyasəti rəhbər tutur. Həmçinin, Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bununla bağlı Ermənistanı manipulyasiya etməməyə çağırır. Vaxt uzandıqca İrəvan əlavə şərtlər irəli sürür və bu da üçüncü ölkələrin regiona təsir etməsinə gətirib çıxarır. Hazırda regionda riskli proseslər gedir. Post-munaqişə dövrü çətin və böhranlı davam edir. Yeni nizamın formalaşması üçün Ermənistan sülhə gəlməlidir. Amma Rusiya və İran buna qarşıdır. Hətta İran Zəngəzur dəhlizinin keçdiyi ərazini icarəyə götürərək “kənd təsərrüfatı” adı ilə Azərbaycanın dəhliz tələbinin qarşısını almağı planlayır. Lakin Ermənistan hələlik İranın bu istəyinə mənfi cavab verib. İrəvan Türkiyə ilə təktərəfli münasibətləri qaydaya salmaqda maraqlıdır. Təbii olaraq Ermənistanın təklifləri Ankara tərəfindən qəbul edilmir. İki ölkə arasında əlverişli əlaqələr Azərbaycanla münasibətlərin hansı istiqamətdə getməsindən asılıdır”.