Serbiya ilə Kosova arasındakı kiçik mübahisə qlobal konfliktə çevrilir - AKTUAL

“Kosova yerli serbləri məcbur edir ki, daşıdıqları pasportdan imtina edib, Kosova vətəndaşlığını götürsünlər”

“Belə olduğu halda, Serbiya rəsmi Priştinanın tələblərinə göz yummalıdır. Yaxud da Kosovaya qarşı hərbi əməliyyatlara başlayıb, yerli serbləri dəstəkləməlidir”

“Bu da öz növbəsində NATO qoşunlarının da münaqişəyə qatılmasına gətirib, çıxarır”

Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar gərginliyin yenidən artmasına səbəb olub. Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunurdu. Bildirilirdi ki, ölkəyə daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.
Lakin ölkədə yaşayan serblər qaydalara etiraz əlaməti olaraq, şimalda Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, barrikadalar qurublar. Kosova polisi isə “Brnyak” və “Yarinye” sərhəd-keçid məntəqələrini bağlayıb.
Qeyd edək ki, yerli KİV bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb.

Nəticədə Kosova hakimiyyəti ölkənin şimalında serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb.
Bu barədə Kosova hökumətinin bəyanatında deyilir.

"Kosova hökuməti bu gün ölkənin şimalında yolların bağlanmasını və orada silahlı şəxslərin polisə atəş açmasını qətiyyətlə pisləyir. Söhbət Kosovanın sabitliyini pozmaq, vətəndaşların və ölkəmizin sülh və təhlükəsizliyinə təhlükə yaratmaq meyillərindən gedir”.

Priştina iğtişaşların təşkilinə görə rəsmi Belqradı ittiham edib.
Qeyd olunur ki, bu hadisələrə görə qismən tanınan ölkənin hakimiyyət orqanları amerikalı və avropalı tərəfdaşlarla əlaqə saxlayaraq, görüşüblər.

Məumatda bildirilib:

"Kosova hökuməti iki qərarın icrasını 2022-ci il sentyabrın 1-dək bütün barrikadaların aradan qaldırılacağı və Kosovonun şimalında tam azadlığın bərqərar olacağı tarixədək təxirə salmağa sadiqdir. Beynəlxalq tərəfdaşlara, xüsusilə ABŞ səfirinə töhfələrinə görə minnətdarıq”.

 

Siyasi analitik Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, vaxtilə Kosova Serbiyanın daxilində alban anklavı şəklində idi:

"Həmin o Mitroviça bölgəsi də Kosovanın tərkibində daha çox serblərin yaşadığı ərazidir. Kosovanın şimalında serb qanunları işlənir. İnzibati olaraq, rəsmi Priştina sayılsa da, özlərini Serbiya vətəndaşı hesab edirlər. Kosova qanunlarına tabe olmurlar. Bununla bağlı bir neçə dəfə fərqli etirazlar yaranıb. Daha bir mübahisə isə dövlət sənədləri ilə əlaqəlidir. Serbiya Kosovanı rəsmi şəkildə, tanımır. Bir ara Kosova nömrələrini ölkə gömrüyündən keçərkən sökürdülər. Həmçinin ölkənin pasportlarını tanımırdılar. Qarşılıq olaraq da, kosovalılar öz ərazilərindəki serblərin sənədlərini qəbul etmirlər. Eyni formada Kosova ərazisində və Mitroviça bölgəsində yaşayan serbiyalılardan rəsmi Priştinaya məxsus sənədlər tələb edirlər. Gərginlik son günlərdə pik həddə çatdı. Ən son Serbiya prezidenti müəyyən təzyiq yaratmaq üçün həmin əraziyə ordu yığdı. Bundan başqa, xalqa səslənəcəyini və müharibəyə hazır olduğunu bildirdi. Beləliklə, Kosovanın şimalındakı həmin serb əhali də avtomatlarla şəkillərini çəkərək, rəsmi Priştinaya tabe olmayacaqlarını söylədilər. Daha sonra adıçəkilən ərazilərə, kəndlərə Kosova ordusu daxil oldu. Bununla da müəyyən iğtişaşlar baş qaldırdı. Qarşılığında Serbiya məsələyə münasibət bildirəcəyini açıqladı. Həmçinin rəsmi Belqradın təhdidinə cavab olaraq, Kosovadakı NATO ordusu məlumat yaydı. Serbiya silahlı qüvvələri rəsmi Priştinaya hər hansı təzyiq göstərərsə, o zaman hərbi alyans münaqişəyə müdaxilə edəcək. 

Beləliklə, şimaldakı serb kəndlərinin Serbiya vətəndaşlığı daşıması ilə bağlı başlanan kiçik mübahisə qlobal bir konfliktə çevrilmək astanasındadır. 

Kosova yerli serbləri məcbur edir ki, daşıdıqları pasportdan imtina edib, Kosova vətəndaşlığını götürsünlər. Belə olduğu halda, Serbiya rəsmi Priştinanın tələblərinə göz yummalıdır. Yaxud da Kosovaya qarşı hərbi əməliyyatlara başlayıb, yerli serbləri dəstəkləməlidir. Bu da öz növbəsində NATO qoşunlarının da münaqişəyə qatılmasına gətirib, çıxarır. Sözügedən məsələni müəyyən qədər Ukrayna müharibəsinin başlatdığı dalğanın davamı kimi də görmək olar. 

Çünki artıq Şərqi Avropada Ukrayna izləri ciddi şəkildə bitirilmək üzrədir. Serbiya balkanlarda Rusiyanın əsas müttəfiqidir. Həmçinin ona ən yaxın ölkədir. Düşünürəm ki Serbiyaya bu təzyiq ilə Rusiya ola bilsin, başqa bir ərazidə münaqişə ilə çıxış etmək niyyətindədir. Bu toqquşma ilə ya Rusiya məcbur olub, Serbiyanın təklənməsi ilə razılaşacaq, ya da serblər özü növbəti münaqişədə zərbə alacaq. Nəticədə rəsmi Moskvanın nüfuzunun daha da sarsılacaq".