Rəisi Nyu-Yorka gedəcək! - “ABŞ -la İran arasında bir sıra məsələlər reallaşa bilər”

İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında iştirak etmək üçün sentyabrda Nyu-Yorka getməyi planlaşdırır.Bunu İran hökumətinin sözçüsü Əli Bahadari Cahromi deyib. İran sözçüsü Rəisinin Nyu-Yorka mümkün səfəri ilə bağlı danışarkən bildirib ki,ilkin olaraq bu məsələ proqrama daxil edilib.

İran dövlət başçısının ABŞ-yə gözlənilən səfərini “Sherg.az”a dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, BMT-nin qərargahı ABŞ-də yerləşdiyindən daha öncəki İran prezidentlərinin də bura səfərləri olub:

 “Düzdür, Mahmud Əhmədenijatın İrana rəhbərlik etdiyi dövrdə viza verilməsi məsələsində bir qədər problem yaşanıb. Çünki ABŞ səfirinin tutulmasında Mahmud Əhmədenijatın da iştirak etdiyi iddia olunurdu. Söhbət 1979-cu il noyabrın 4-də Tehrandakı ABŞ səfirliyinin bir qrup İranlı tələbə tərəfindən ələ keçirilməsindən və 66 nəfərin (bəzi mənbələrdə 90 girov götürülməsindən gedir. Bu məsələdə İbrahim Rəisi ilə bağlı da bir sıra hüquq müdafiəçiləri müxtəlif iddialar irəli sürdüyünə görə ola bilər onun ABŞ-yə səfərinə də müəyyən maneələr yaransın. 

Amma digər tərəfdən Mahmud Əhmədenijatın  ABŞ-yə səfər edə bildiyindən İ.Rəisinin də bu səfəri baş tuta bilər. Ola bilər ki, ordakı görüşlərdə İ.Rəisi  yerli KİV, yaxud ,ABŞ –nin hansısa keçmiş məmuru ilə təmaslarda olsun. Çünki ötən illərdə bu istiqmətdə oxşar təcrübələr -yəni H.Ruhaninin BMT toplantısında iştirakı ilə bağlı səfərlərində də Ağ Ev rəsmiləri ilə təmasları olub. Hesab edirəm ki, əgər İbrahim Rəisinin də ABŞ-a gözlənilən səfəri baş tutarsa, oxşar görüşləri o da keçirə bilər”. 

Politoloqun qənaətincə, İran prezidentinin ABŞ-yə gözlənilən səfəri zamanı İranın nüvə proqramı ətrafında Vyana görüşlərinin nəticəsindən asılı olaraq bəzi addımlar atıla bilər: 

“Əgər ABŞ ilə İran  rəsmi Tehranın nüvə proqramı məsələsində razılıq əldə edə bilərlərsə, o zaman rəsmi Vaşinqtonla rəsmi Tehran nümayəndələri arasında bu səfər çərçivəsində bir sıra məsələlər reallaşa bilər”.