Böyük Britaniyada sükut...

4 gün kimsə Kraliçanın tabutuna yaxınlaşa bilməyəcək

"Əvvəlcə şahzadə Çarlz kral elan ediləcək. Yas mərasimi başlamadan yeni kral xalqa müraciət edəcək"

  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetin vəfatıyla bağlı bu ölkədə 10 günlük matəm elan edilib. Onun haqqında “taxt-tacda ən uzun müddət əyləşmiş kraliça”, “70 illik hakimiyyət, 15 nazir, yeganə kraliça”, “mehriban, gülərüz nənə”, “ömrünü ingilis xalqına adamış şahzadə” və sair xoş, titrək ifadələrlə yanaşı “əli qana bulanmış kraliça” (şahzadə Dianın ölümü ilə bağlı) kimi ağır ifadə də işlənir. Bütün hallarda isə Böyük Britaniyanın nə az, nə çox, tam 70 ili məhz bu kraliçayla bağlıdır.   

  21 aprel 1926-cı ildə  Londonda dünyaya gələn II Elizabet Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin kraliçası idi. Həmçinin Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu idi. Vindzorlar sülaləsinin nümayəndəsi olan Elizabet taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür. Gələcək kraliça xoş əhval-ruhiyyəli atmosferdə böyüyüb. O, ailə şəraitində mükəmməl şəxsi təhsil alıb. Uşaqlıqdan hər şeylə maraqlanıb. Ən çox atlara maraq göstərib, bu marağı yaşlı vaxtlarında da  qalmaqda idi. 

Kraliçaya Qarabağ atı hədiyyəsi

  Birləşmiş Krallığın atlara xüsusi sevgisi və marağı olan kraliçasına 2 dəfə Qarabağ atı hədiyyə edilib. Birinci dəfə 1956-cı ildə, SSRİ-nin ozamankı siyasi rəhbəri Nikita Xruşşov Kraliça II Elizabetə “Zaman” adlı Qarabağ atı hədiyyə edib. İkinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı 2022-ci ilin mayında kraliçaya kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousu zamanı təqdim edilib.  Eyni zamanda Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri də Kraliçaya hədiyyə olunub.  

Taksi sürücüsü kraliça! 

  İkinci Dünya müharibəsində o, könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Elizabet Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edir. 13 yaşında Elizabet Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

  Kraliça Elizabet dövlət başçısı kimi ancaq təmsilçilik rolu oynasa da, öz şəxsi nüfuzu ilə ölkənin siyasətinə müəyyən qədər təsir edə bilib. Kraliça bütün baş nazirlərlə diplomatik münasibətlər saxlayıb. Marqaret Tetçerin hakimiyyəti dövründə isə onunla bir qədər gərgin münasibətləri var idi. Ona Tetçerin müəyyən qədər "kralsayağı" idarəetməsi xoş gəlmirdi. 1992-ci il II Elizabet üçün ağır il oldu. Kraliçanın ailəsinin nüfuzuna şahzadə Çarlzın, şahzadə Annanın və şahzadə Endrünün ailələrindəki söz-söhbət və hər üçünün boşanma prosesləri ciddi təsir etdi. Onun şahzadə Diananın 1997-ci ilin avqustunda faciəli ölümünə sakit yanaşması və beş gün milli matəm günlərində kral ailəsinin saraydan kənara çıxmaması britaniyalıların əksəriyyətinin xoşuna gəlmədi. Ailə ictimaiyyət qarşısına Diananın dəfnindən bir gün əvvəl çıxdı, ancaq bununla belə Britaniya mətbuatının kəskin tənqidinə məruz qaldı. Buna baxmayaraq, Elizabetin ictimai rəydə nüfuzu yenə də kəskin aşağı düşmədi. 2022-ci ildə kraliçanın hakimiyyətdə olmasınını 70 illiyi – Platin yubileyi təntənə ilə qeyd olundu. 

Kraliça ölərsə...

  Kraliçanın həyat yoldaşı şahzadə Filipin ölümündən sonra isə çoxlarını “Kraliça vəfat edərsə, nə baş verəcək” sualı maraqlandırırdı. Həm kral ailəsi, həm də bütün Britaniya buna hazır olmalıydı. Bir müddət əvvəlsə bu plan açıqlandı. Plana “London Körpüsü əməliyyatı” adı verilmişdi. Qeyd olunurdu ki, kraliça vəfat etdikdə əməliyyata başlanacaq. Kraliçanın ölüm xəbəri “London körpüsü yıxıldı” ifadəsiylə Baş nazirliyə bildiriləcək. Sonra kraliçanın hökmranlığı altında olan 15 ölkə və İngiltərə Millətlər Topluluğuna aid 36 ölkəyə gizli bir xətt üzərindən bu məlumat veriləcək. Məlumatda da “London körpüsü yıxıldı” mesajı olacaq. Əvvəlcə şahzadə Çarlz kral elan ediləcək. Yas mərasimi başlamadan yeni kral xalqa müraciət edəcək. Sonra qısa toplantılar üçün ölkənin müxtəlif bölgələrinə səfərlər edəcək. Kraliça vəfat etdikdə, eynən bizdə olduğu kimi ingilis xalqı da televiziyaları qapadacaq.  BBC ağ rəngli loqosunu qara ilə əvəz edəcək, əyləncə proqramları efirdən yığışdırılacaq. Yalnız kraliçanın həyatı ilə bağlı materiallar efirə veriləcək. Kraliça haqqında hazırlanmış sənədli filmlər yayımlanacaq. Ölkə ərazisində bütün mağazalar, AVM-lər, birjalar bir günlük bağlanacaq. Bu durum İngiltərəyə milyonlarla dollar zərər verəcək. 

Təkcə kraliçanın ölümü deyil, yeni kralın tacqoyma mərasimi xərcləri də hökumətə baha başa gələcək. Vəfatından sonra kraliçanın tabutu Bekingem sarayında 4 gün saxlanacaq. Kimsə tabuta yaxınlaşa bilməyəcək. 4 gündən sonra tabut Vestminster sarayına aparılacaq. 

Və burada kral ailəsinin ziyarəti təşkil olunacaq. Sonra isə kraliçanı son dəfə görmələri üçün xalqın ziyarəti başlanacaq. Cənazə II Yelizavetanın atasının məzarı olan Müqəddəs Georgi kilsəsinə aparılmadan öncə “Big Ben” qülləsində saat 11:00-da  Kraliça üçün son zəng çalınacaq.   Bu zaman bütün ölkədə səssizlik hökm sürəcək. 

Hazırda İngiltərənin milli valyutasında II Yelizavetanın rəsmidir. Vəfatından sonra isə artıq kral olacaq şahzadə Çarlzın rəsmi vurulacaq. Kraliçanın rəsmi olan pullar isə tədricən dövriyyədən çıxarılacaq.   Yeni tacqoyma mərasimi isə 1 il sonra keçiriləcək. Lakin şahzadə Çarlz kral adlanmaqda davam edəcək. Vəziyyət belədir: Kral(liça) öldü, yaşasın Kral!