6 aydan sonra dəhşətlər üzə çıxdı

Ukrayna Rusiyaya casusluq edənlərin izinə düşüb

  Ukrayna gücləri tərəfindən 6 ay sonra Balakliyanın azad edilməsinin ardından qəsəbədə rus işğalı zamanı yaşanan dəhşətlər üzə çıxıb. Türkiyə mediasında yer alan xəbərə görə, Rusiya işğalı müddətində qəsəbədə işgəncə otaqları qurulub, yerli sakinlər qətlə yetirilib. Rus hərbçiləri qəsəbənin polis şöbəsini intihar yerinə çeviriblər. Sağ qalan sakinlər polis şöbəsinin zirzəmisində saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını, bədənlərinə elektrik verildiyini, hər an ölüm qorxusu altında qalaraq psixoloji travma yaşadıqlarını bildirib. 

Lakin Rusiya dinc əhaliyə qarşı işgəncə suçunu inkar edir. Amma qəsəbə geri alındıqdan sonra kütləvi məzarlıqlar aşkarlanıb. Bu da Rusiya silahlılarının yerli xalqı işgəncə ilə öldürdüyünə işarə edir. Balakliya Xarkov vilayətinin İzyum şəhərinin bir qəsəbəsidir. Qəsəbə əhalisinin sayı 30 min qeyd edilir.  

  İşğal müddətində rus hərbi birlikləri ilə əməkdaşlıq edənlər də olub. Ukrayna hökuməti indi bu şəxsləri müəyyənləşdirir. İlkin məlumatlara görə, rəsmi Kiyev 1309 şübhəli və ruslara çalışan 450 nəfər haqqında istintaqa başlayıb. Onların arasında sabiq təhlükəsizlik əməkdaşı Oleq Kalaida Rusiyaya xidmət etməyi qəbul etdikdən sonra general rütbəsi alıb və polis rəisi təyin edilib. 

O, ələ keçiriləcəyi təqdirdə 15 il həbs cəzası alacaq. Ukraynada əvvəllər aktrisalıq etmiş Nataliya Romançenko da şübhəlilər sırasındadır. Aktrisa 2 oğlunun sovet hərbi geyimində fotolarını paylaşıbmış.  Ruslara işlədiyi məlum olan Zaporojye bələdiyyə başqanı İvan Suşkonun avtomobili  ötən ay Ukrayna xalq qüvvələri tərəfindən partladılıb və o, həlak olub.  Xerson şəhərinin sabiq bələdiyyə başqanı Volodimir Saldo da vətən xainləri arasındadır. 

Hüquq-mühafizə orqanları istintaq aparsa da, yerli xalq arasında xainlərə məhkəmə qurub cəza kəsənlər də var. Ukrayna Daxili İşlər Nazirliyi isə “bu şəxslər haqqında həbs qərarı var və onların həyatı artıq mühafizə edilmir” bildirərək Vətən xainlərinin cəzalandırılmasını doğru sayırlar.