Şoyqu qurbanlıqdır

Putin məğlubiyyəti ilə barışmır

Rusiya prezidenti "General qış"ın gəlişini gözləyir

 
  Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqunun işdən çıxarılması üçün zəmin hazırlayır, müharibədə məğlubiyyətin məsuliyyətini ona yükləməyə çalışır. Bu fikirləri ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISV) ekspertləri paylaşıb. Təşkilat iddia edib ki, Putin Şoyqunu hərbi uğursuzluqlarda ittiham etməyə davam etmək niyyətindədir. Bununla da o bəzi qrupların, ilk növbədə, güc strukturları arasında dəstək qazanmaq istəyir: "Sonra isə Şoyqunu vəzifədən çıxaracaq. Şoyqunu vəzifədə iki namizəd əvəz edə bilər. 

Putin artıq bunun üzərində işləyir. Bu, “Vaqner” muzdlu hərbi qrupunun yaradıcısı Yevgeni Priqojin və ya general-polkovnik rütbəsinə layiq görülmüş Çeçenistanın başçısı Ramzan Kadırov ola bilər”. Reallıq odur ki, Rusiya öz ordusundakı itkiləri kompensasiya edəcək komplektləşdirməni həyata keçirə bilmir. Səfərbərliyə cəlb olunanların təlimi də vaxt aparır və bu müddət ərzində Ukrayna əks-hücum əməliyyatlarını sürətlə və uğurla icra edir. Rusiya hazırda əlində olan, yəni işğal etdiyi əraziləri saxlamaq üçün resurs sərf etsə də, çatışmazlıqlar ucbatından uğursuzluqlara düçar olur. 

Rusiyalı alim: "Bizə qarşı 750 minlik ordu hazırlanır"

  “Rossiya 1” telekanalının canlı efiri zamanı Moskva Dövlət Universitetinin Dünya siyasəfi fakültəsinin dekanı, rusiyalı alim Andrey Sidorov deyib ki, hələ də Ukrayna ilə aralarında olan münaqişəyə “xüsusi əməliyyat” deyilir. Amma bu artıq genişmiqyaslı müharibədir: "ABŞ bu yaxınlarda Polşaya strateji nüvə silahı göndərəcək. Hazırda Qərbin dəstəyi ilə Ukraynada 750 minlik böyük bir ordu hazırlanır. Qeyd edim ki, bu, Rusiyanın bütün ordusu qədərdir. Qaldı ki Ukrayna cəbhəsində olanlar... Bu ordu hücuma keçsə, nə olacaq? Rusiyada yaxın günlərdə yeni səfərbərlik gözlənilir. Bu artıq dəqiqdir”.

Şahnazarovdan şok: "Rusiyada elə bir xaos başlayacaq ki..."

  Tanınmış kino rejissor Karen Şahnazarov deyib ki, Moskva Ukraynadakı savaşda məğlub olsa, Rusiya daxilində heç bir kəs xilas ola bilməyəcək. Bu zərbə hamıya dəyəcək: "Hazırda Rusiya daxilində belə Kremlin Ukraynada məğlub olmasını istəyənlər var. Biz bunu bilirik. Lakin bir acı həqiqəti qəbul etmək lazımdır. Moskva məğlub olsa, hamımız məhv olacağıq. Elə bir xaos başlayacaq ki, heç kim xilas ola bilməyəcək. Heç soruşan da olmayacaq ki, sən hansı tərəfdə idin, sağçı idin, yoxsa solçu idin... Rusiyanın içində olan qatı qərbyönümlü LGBT nümayəndələri belə məhv olacaq. Rusiya ətçəkən maşını xatırladacaq”.

Ukrayna hücumu: rus ordusu dilemma qarşısındadır

  Britaniya kəşfiyyatı məlumat yayıb ki, Rusiyanın Xerson bölgəsini müdafiə etmək üçün kadr çatışmazlığı var. Rusiya səfərbər edilmiş ehtiyat qüvvələri bura yerləşdirməyi planlaşdırır: "Cənuba doğru hərəkət edən Ukrayna bölmələri, ilk növbədə, İnqulets çayının şərq sahili və Dnepr çayının qərb sahili boyunca cəbhə xəttində daha 20 kilometr irəliləyib. Rusiya komandanlığı, çox güman ki, Nova Kaxovka sektorunda artan təhlükəni ən aktual problemlərdən biri kimi nəzərdən keçirəcək. Rusiya dilemma qarşısındadır: ya döyüş qüvvələrini Dneprdən çıxarıb Xerson bölgəsinin müdafiəsinə cəlb etməli, ya da özünü müdafiə etmək üçün Dneprdə qalmalıdır. Eyni zamanda, onlar Xersonun müdafiəsinə hava-desant qoşunlarının əksəriyyətini cəlb ediblər".

Zelenski: "Stoltenberq mənə dedi ki, Rusiya..."

  Ukrayna Prezidenti Volodimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daxil olması üçün gələcək addımları müzakirə ediblər. Zelenski deyib ki, o, strateji tərəfdaşları ilə daimi təmasdadır: "NATO-nun baş katibi ilə telefon danışığım olub. Biz Ukraynanın Avro-Atlantik inteqrasiyası istiqamətində gələcək addımları razılaşdırdıq”. Öz növbəsində, Zelenski ilə söhbətindən sonra Stoltenberq cəsur Ukrayna xalqını və Ukrayna Silahlı Qüvvələrini öz ərazilərini işğaldan azad etməsi istiqamətində heyrətamiz irəliləyişə görə tərifləyib. NATO Baş katibi qeyd edib ki, Rusiya başlatdığı müharibəni dayandırmalıdır. O, həmçinin əlavə edib ki, Alyans lazım olduğu müddətdə Ukraynaya dəstəyi saxlayacaq və gücləndirəcək.

Ukrayna ordusu Luqanskda daha 6 məntəqəni geri aldı

  Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday deyib ki, Ukrayna hərbçiləri Luqansk vilayətində 6 yaşayış məntəqəsini ruslardan azad edib: "Ukrayna qoşunları Luqansk vilayətində 6 yaşayış məntəqəsini azad edib. Rusiyanın 2014-cü ildə zəbt etdiyi ərazilərdən olan insanlar Ukrayna Silahlı Qüvvələrini gözləyirlər". Qayday hazırda işğal altında olan Luqansk vilayətinin sakinlərinə cəbhə xəttindən uzaqlaşmağı və ya sığınacaqlara yaxın olmağı tövsiyə edib.

Borrell: "Putin qışın gəlişini gözləyir"

  Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib ki, Putin gözləyir ki, qışın çətinlikləri Qərbi Ukraynadakı müharibədən bezdirəcək: "Bir çox ölkə üçün müharibənin nəticələri qiymət, enerji və ərzaq baxımından əlbəttə ki, pisdir. Müharibənin nəticələrini aradan qaldırmaq üçün dünya ölkələri ilə çox fəal şəkildə əlaqə saxlamalıyıq. Çox böyük diplomatik səylər, dəqiqləşdirmələr aparmalıyıq ki, dünya bu müharibənin “niyəsini” və onun necə bitə biləcəyini anlasın. Putin inanır ki, demokratiyalar zəifdir, ictimai rəy sistemləri soyuq qışdan sağ çıxmayacaq. O, həmişə Rusiya ordusunu xilas edən “General qış”ın gəlişini gözləyir. O gözləyir ki, soyuq, qaz təchizatında fasilələr, yüksək qiymətlər və aşağı temperatur Ukraynaya dəstək iradəmizi sarsıdacaq. Bizim Ukraynaya dəstəyimiz sadəcə səxavət məsələsi deyil. Ukraynaya dəstəyimiz sarsılmaz olmalıdır, çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə qırılmaz şəkildə bağlıdır. Orada verəcəyimiz qərar gələcəyimizi müəyyən edəcək”.

"Rusiya müharibəyə görə siyasi və mənəvi məsuliyyətini etiraf etməlidir"

  Borrell qeyd edib ki, müharibə ancaq sülhü təmin etdikdə bitə bilər: “Sülhü təmin etmək üçün Ukraynanın bütün ərazisində suverenliyi təmin edilməli, Rusiya müharibəyə görə siyasi və mənəvi məsuliyyətini etiraf etməlidir; Rusiya Ukraynada baş verən insani cinayətlərinə görə cavab verməyə məcbur edilməlidir. Məqsədimiz bu olmalıdır, başqa heç nə! Ona görə də sanksiyalar; ona görə də hərbi yardım; ona görə də diplomatik hərəkət davam etməlidir. Bu üç cəbhədə biz yorulmadan işləməliyik. İndi gözləmək vaxtı deyil”.

"Bu, ABŞ-ın savaşda birbaşa iştirakı deməkdir"

  Rusiya prezidentinin sözçüsü Dmitri Peskov söyləyib ki, ABŞ Müdafiə Nazirliyinin Ukraynanın Krımdakı hədəflərə qarşı HİMARS reaktiv raket sistemlərindən istifadə etməsinə razılıq verməsi ilə bağlı bəyanatları Vaşinqtonun münaqişədə iştirakını sübut edir: "Həm birbaşa, həm də dolayısı ilə bu cür bəyanatlar ABŞ-ın son dərəcə təhlükəli vəziyyət yaradan bu münaqişədə birbaşa iştirakının yeni sübutudur”. Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın faktiki olaraq Ukraynadakı münaqişənin tərəfinə çevrildiyini bildirmişdi.

"ABŞ Rusiya-Ukrayna danışıqlarına imkan vermədi"

  Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, ABŞ-ın göstərişi ilə Rusiya və Ukrayna arasında danışıqlar cəhdlərinin qarşısı alınıb: "Rusiya maraqlıdır ki, Ukrayna neonasizmdən qurtulsun və əhali sülh və rahatlıq içində yaşasın”. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri son ukraynalıya qədər mübarizə aparmaq niyyətindədirlər, çünki Ukrayna əhalisi geosiyasi oyunda onlar üçün sövdələşmə obyektidir.

Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiqləyib

  Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiq edib. Sanksiya paketinə Rusiya neftinə yuxarı qiymət həddinin müəyyən edilməsi də daxil edilib. Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi çərşənbə günü Rusiya Federasiyasına qarşı yeni sanksiyalar, xüsusən də ölkə neftinin qiymətinə yuxarı həddin qoyulmasını nəzərdə tutan məhdudiyyətlər barədə də razılığa gəliblər. Yeni paketə Rusiya Federasiyasına yüksək texnologiyalı məhsulların tədarükünün, habelə Rusiya strukturlarına mühəndislik, ədliyyə və İT xidmətlərinin göstərilməsinin qadağan edilməsi kimi müddəalar daxildir. Aİ-nin Çexiya sədrliyindən bildirilib ki, Rusiya nefti üçün yuxarı qiymət həddi dəniz yolu ilə daşınan neft məhsullarına şamil olunacaq. Bundan əlavə, razılaşdırılmış sanksiyalar paketinə Rusiyadan polad məmulatları, ağac materialları, kağız, avadanlıq və məişət texnikası, kimyəvi maddələr, plastik, siqaret idxalına qadağa da daxildir. Sanksiyalar rejimi Rusiya Federasiyasının tərkibinə daxil olan Xerson və Zaporojye vilayətlərinə də şamil ediləcək. 

"Putinin nüvə hədəsi də bir işə yaramadı"

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, Vladimir Putin Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsi haqqında sazişləri təsdiqlədi. Bununla da Moskva Ukraynaya qarşı işğalçı müharibə apardığını və sülh danışıqlarında maraqlı olmadığını sübut etmiş oldu. Ekspertə görə, bundan sonra Kiyev və Moskva arasında danışıqlar mümkün deyil. Rusiya bu addımı ilə danışıqlar üçün heç bir yer qoymadı: 

"Ukrayna Prezidenti Zelenski Putinlə danışıqlar aparmayacağını elan etdi. Ümumiyyətlə, Moskva bu addımı ilə danışıqlara getməyəcəyini və bu birləşdirmənin də Kiyevin danışıqlarda maraqlı olmayacağını hesablamışdı. Putin Ukraynada hərbi uğursuzluğunu bununla manipulyasiya edir. Məqsəd daxildə mərkəzdənqaçma meyillərini və etirazları neytrallaşdırmaq, Rusiyanın qismən qələbəsinə nail olmaq, 7 ayın uğursuzluqlarını kompensasiya etməkdir. Həmçinin, Kreml bununla Qərbin danışıqlarda maraqlı olacağını gözləyirdi. Demək olar ki, Putinin nüvə hədəsi də bir işə yaramadı. Ukrayna silahlı qüvvələri əks-hücumlar həyata keçirərək Rusiyaya "birləşdirilən" əraziləri azad etdi. Kreml bu əraziləri nüvə çətiri altına aldı. Putinin sazişi təsdiqləməsi ilə Kiyevin hücumlarını durdurmaq üçün mülki infrastrukturları hədəf alması istisna deyil. Xerson şəhəri və Donbassda Rusiyanın nüvə silahına əl atması da mümkün deyil. Rusiyanın hərbi məğlubiyyəti davam edəcək. Qərb Rusiyanın Ukraynada qələbə əldə etməsinə dözümlü yanaşmayacaq. Bu ölkəni regional ölkə səviyyəsindən aşağı vəziyyətə salacaq. Putin məğlubiyyətlə barışmır. Məhz Ukraynanın dörd vilayətini birləşdirməsi məğlubiyyətlə barışmadığını göstərir. Görünən odur ki, hakimiyyət devrilməyincə sülh müqaviləsinin bağlanması mümkün olmayacaq".