Tramp Ukrayna müharibəsinə görə Baydeni günahlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasına görə Bayden administrasiyasını günahlandırıb. O bildirib ki, ABŞ hakimiyyəti "Putini ələ salıb".
Trampın sözlərinə görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının ritorikası Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamasına səbəb olub.
Trampın fikirlərini "Newsweek" nəşri işıqlandırıb.
"Ölkəmiz və qondarma rəhbərliyimiz Putini məsxərəyə qoyub... Mən prezident olsaydım, Ukraynadakı münaqişə heç vaxt baş verməzdi", - deyə Tramp bildirib.
Tramp onu da qeyd edib ki, Ağ Evin rəhbəri olarkən həm Rusiya, həm də Ukrayna hakimiyyəti ilə yaxşı münasibətlər saxlamağa çalışıb.