“...Rusiyaya qarşı hərbi əməliyyatlara başlamasına səbəb ola bilər"
"Polşaya raket zərbəsinin endirilməsi olduqca təhlükəli hadisədir. Çünki Polşa NATO ölkəsidir və raket zərbəsinin məhz Rusiya tərəfindən endirildiyi təsdiqlənərsə, bu, Ukrayna savaşının öz əhatə dairəsini genişləndirməsinə səbəb ola bilər".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, NATO nizamnaməsinin beşinci maddəsinə görə, bu hərbi-siyasi alyans öz üzvlərini xarici müdaxilədən müdafiə etmək öhdəliyinə malikdir:
"Belə anlaşılır ki, Ukrayna savaşının öz əhatə dairəsini genişləndirərək, dünya müharibəsinə çevrilməsində birbaşa maraqlı olan qüvvələr mövcuddur.
Həm ABŞ, həm də digər NATO ölkələrindən verilən ilkin reaksiyalarda hərbi-siyasi alyansın öz ərazilərini qorumağa hazır olduğu birmənalı şəkildə vurğulanır.
Amma Şimali Atlantika Alyansının hərbi əməliyyatlara başlamasından öncə Polşaya raket zərbəsini məhz Rusiyanın endirdiyi inkaredilməz faktlarla sübut olunmalıdır. Həmçinin Kreml Polşa istiqamətində raket atmadığını, bu baş verən hadisənin Rusiyaya qarşı təxribat olduğunu bəyan edib.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden də raketin Rusiya ərazisindən atıldığına ciddi şübhələrin olduğunu bildirib. Eyni zamanda daha iki önəmli məqam da aydınlaşmağa başlayıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Polşa ərazisinə düşən raketlərin heç birisi Rusiya istehsalı deyil. Bundan başqa, raketlərin uçuş trayektoriyası da raketlərin Rusiyadan atıldığını təsdiqləməyə imkan vermir. Ona görə də ehtimal edilir ki, Polşa ərazisinə düşən raketlər Ukrayna ordusunun Rusiyanın raket zərbələrinin qarşısını almaq üçün istifadə olunub və səhvən qonşu ölkəyə doğru istiqamətlənib. Yəni hələlik məlumatlar ziddiyyətlidir. Ciddi araşdırmalara ehtiyac var”.
E.Xalidbəyli bildirib ki, hər hansı səhv və ya qərəzli yanaşma bütün dünya üçün böyük fəlakətə çevrilə bilər:
“Böyük ehtimalla Ukrayna savaşının qlobal müharibəyə çevrilməsində maraqlı olan beynəlxalq güclər bu hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Ancaq buna qətiyyən imkan vermək olmaz.
Bütün dünyanın gələcək taleyi kimlərinsə maraqlarına qurban verilə bilməz. Yəqin ki, ən yaxın günlərdə sözügedən önəmli və təhlükəli hərbi insidentin başvermə şəraiti tam dəqiqliyi ilə aydınlaşacaq.
Müasir texnologiyaların hökmranlıq etdiyi indiki dövrdə bu, o qədər də çətin deyil. Hər halda Kremlin günahkar olduğu təsdiqlənərsə, hadisə NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlara başlamasına səbəb ola bilər".
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi çərşənbə axşamı ölkənin şərqindəki Pşevoduv kəndi ərazisinə Rusiya istehsalı olan raketlərin düşməsi nəticəsində iki nəfərin həlak olması ilə bağlı məlumat yayıb. NATO təyyarəsi Polşa ərazisinə düşən raketin trayektoriyasını izləyib. Kəşfiyyat məlumatları NATO və Polşaya təqdim edilib. Lakin raketlərin buraxılış yeri barədə məlumat verməyib.