Göz yaşları quruyacaq, Rusiya cavab verəcək...


Ukraynadakı müharibə 9 aydır davam edir. Ölkənin xeyli hissəsində nə işıq var, nə də su. Çünki azğınlaşmış Rusiya ordusu mülki əhalini hədəf almaqla yanaşı, həm də infrastrukturu vurur. Qarşı tərəf bu yolla Ukrayna xalqının əzmini qırmaq, insanları didərgin salmaq, onsuz da xarabalığa çevrilmiş ölkəni viran qoymaq istəyir. Ukrayna xalq isə dözür, səbr edir. Ukrayna ordusu uğurlu əks- hücum əməliyyatlarını davam etdirir. Bir çox yaşayış məntəqələri artıq işğaldan azad edilib. Döyüş meydanında durum dəyişib, Ukrayna üstünlüyü ələ alıb. Əlbəttə, məsələnin hərbi - siyasi məqamları prosesleri aydın dərk etməkdən ötrü çox vacibdir. Amma indi bu barədə danışmaq istəmirəm. Diqqət çəkəcəyim məqam başqadır. Ukraynada xalq ordusuna inanır. Ordu isə xalqa güvənir. Vətəndaşlar küçələrə çıxır, hərbçilərə dəstəklərini davam etdirir. Onlar həm də işğalçı hakimiyyətə, orduya mesaj verirlər. Deyirlər ki, biz, bəlkə də, uduzarıq, amma təslim olmarıq, işıqsız, susuz qalsaq da, başımıza raketlər yağış kimi yağsa  da, ölkəmizi tərk etmərik. 
 Savaşın əvvəllərində Ukrayna sakinləri "Müharibəyə yox" deyirdilər. Onlar üzərində "no war" yazılmış plakatlarla küçələrə çıxırdılar. Bu gün isə sanki Ukrayna xalqı daxilindəki ictimai rəy də dəyişib. Artıq ukraynalı uşaqlar da bilirlər ki, Rusiya işğalçıdır. Çünki onların həmyaşıdları öldürülür, valideynlərindən ayrı salınır, bəziləri müxtəlif bəhanələrlə Rusiyaya aparılır. 
 Məhz törətdiyi vəhşiliklərin nəticəsidir ki, Rusiya tədricən sivil dünyadan təcrid olunur. Müxtəlif beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti Rusiyanı terroru himayə edən dövlət kimi tanıyır. 
 Ukrayna xalqının şüarı isə artıq terrorçuluqla bağlıdır. Onlar küçələrə çıxır, Kreml rehbərinə etiraz edirlər. Əslində bu, həm də meydan oxumaqdır. Bir, bu cavan xanıma baxın. Bəlkə də, heç 30 yaşı yoxdur. Zərifdir, zəifdir. Rusiya ordusundan fərqli o silahsızdır. Amma qorxmur. Cəsarəti ilə sözünü deyir. Onun yanındakı, arxasındakı kütlə də eyni ilə bu xanım kimi mərd, qürurlu və ümidlidir. Sözsüz ki, onlar Ukraynanın qələbəsinə və bərpa olunacağına inanırlar. Əslində təkcə Ukrayna xalqı yox, dünyanın yarıdan çoxu buna əmindir. 
 Əgər Ukraynada savaş olmasa idi, yəqin ki, bu xanım indi sevdiklərinin yanında idi. Bəlkə, valideynlərinin, bəlkə sevgilisinin, bəlkə də, nişanlısının. Bütün hallarda xoşbəxt ola bilərdi. Eyni ilə milyonlarla digər ukraynalı kimi. İşğalçı savaş ukraynalıların xoşbəxtliyini onların əlindən aldı. Ancaq dediyim kimi, ümidləri kifayət qədərdir. Onları yıxılmağa qoymayan, mübarizəyə sövq edən, küçələrə çıxaran da elə bu ümiddir. Mən də ümidliyəm. Müharibənin ən qısa vaxtda bitəcəyini arzu edirəm. Bilmirəm, bəlkə də, bir çox ekspertin proqnozlaşdırdığı kimi, döyüşlər hələ uzun müddət, illər uzunu davam edəcək. Fəqət axırda mütləq Ukrayna, bu əzmkar xalq qalib gələcək, Ukrayna abad olacaq. Çünki fotoda gördüyünüz xanımın və onun kimi milyonlarla insanın göz yaşı hədər gedə bilməz. Mütləq ki, bu göz yaşlarını görən, hayqırtıları eşidən qüvvə var...
Kənan Novruzov