İran və Rusiya birgə ticarət gəmilərinin tikintisinə başlayacaq

Rusiya və İran bir neçə ticarət gəmisinin tikintisinə dair müqavilə imzalayıb.

Trend-in məlumatına görə, İran İslam Respublikasının Gəmiçilik Qrupunun (IRISL Group) Həştərxan yaxınlığındakı limanda yerləşən Solyankadakı regional ofisi tərəfindən verilən sifariş əsasında gəminin Rusiyada istehsalına dair müqavilə çərşənbə günü Rusiyanın Həştərxan şəhərində imzalanıb.

Videokonfrans vasitəsilə gəmi istehsalı müqaviləsinin imzalanması mərasimində iştirak edən IRISL-in baş direktoru Mohammad Reza Modarres Khiabani bildirib ki, bu cür sazişlər Rusiya və İran arasında ticarət və nəqliyyat əlaqələrini genişləndirə bilər.

İran rəsmisi İranın Həştərxandakı konsulluğundan Solyankada yükləmə-boşaltma əməliyyatlarını asanlaşdıra biləcək infrastruktur layihələrinin sürətləndirilməsinə kömək etməyə çağırıb.