Belarus amili... - Putinin hədələri özünümüdafiə taktikasıdır



Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirsə belə, bunun nüvə müharibəsinə çevrilmək riski aşağı səviyyədədir


  Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək niyyəti Minski Kremlin hərbi maşınına cəlb etmək yolunda addımdır. Bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, Rusiyanın planı gərginliyi artırır: "Vladimir Putinin Belarusda taktiki nüvə silahları və onların daşınma maşınlarını yerləşdirmək qərarı Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı gərginliyi daha da artırır. Bu, Belarusu Rusiya hərbi maşınına cəlb etmək üçün daha bir addımdır".

Qeyd edək ki, Putin 2023-cü il iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin başa çatacağını açıqlayıb. Bu açıqlama Belarusun Rusiya ilə birlikdə savaşa girməsi kimi dəyərləndirilib. Ukrayna Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına cavab olaraq təcili BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Putin uduzduğunu və qorxduğunu etiraf edir: "Rusiya lideri Belarusda taktiki nüvə silahının yerləşdirilməsini elan etməklə həm də cinayət törətdiyini boynuna alır. O, nüvə silahının yayılmaması ilə bağlı müqaviləni pozur”. Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov da bildirib ki, Kreml Belarusu nüvə girovuna çevirib: "Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı ölkənin daxili sabitliyinin pozulmasına doğru bir addımdır. Bu, Rusiya və Putinin Belarus cəmiyyətində mənfi qavrayış və ictimai rəddetmə səviyyəsini maksimum dərəcədə artırır". Litvanın xarici işlər naziri Arvidas Anuşauskas deyib ki, Putin Belarusda nüvə silahı yerləşdiriləcəyini elan etməklə Ukraynanı dəstəkləyən ölkələri qorxutmağa çalışır: “Rusiya Ukraynanın dəstəyi ilə Qərbin bəzi siyasətçilərini narazı salmaq və ya Ukraynanı dəstəkləyən ölkələri qorxutmaq üçün yeni addımlar atır. Onların arasında Putinin bu ilin iyuluna qədər Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatı da var. Rusiyanın nüvə silahı ilə bağlı bəyanatına xüsusi reaksiya verilməməlidir”. 
  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin NATO və Ukrayna üzərində təhdidləri sıxlaşdırmaq üçün yenidən “nüvə çantasına” əl atır. Analitik deyib ki, Putin şantajını bu dəfə Belarus amilindən istifadə edərək həyata keçirir. Yəni Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini açıqlayır: 

"Putinin mövqeyi Ukraynadakı müharibədə taktiki nəticələr əldə etmək hədəflərinə söykənir. Yəni Putin NATO və Ukraynanı öz blefi altında boğub Rusiyanın döyüş meydanındakı irəliləyişi üçün açar qazanmaq istəyir. Söhbət ondan getmir ki, Putin Belarusa nüvə silahları yerləşdirəcək. Məsələ ondadır ki, Rusiya həmin silahları döyüş meydanında tətbiq edəcəkmi? Hesab etmək olar ki, Rusiya nüvə amilini sadəcə qorxutma aktı kimi qüvvədə saxlayır. Çünki Ukraynaya NATO tərəfindən tədarük edilən silah-sursatın həcminin artması Rusiyanın hərb meydanında üzləşdiyi taktiki uğursuzluqlar zolağını genişləndirə bilər. Rusiya bir ilə yaxındır ki, sənaye şəhəri Baxmutu tutmaqda çətinlik çəkir və döyüşlər cəbhənin həmin istiqamətində Moskva üçün dalana dirənir. Rusiya düşdüyü vakuumdan çıxmaq üçün Ukraynaya və onu himayə edən ölkələrə “Belarus ərazisindən yeni nüvə cəbhəsi açıram və gələcəkdə həmin silahları Ukraynaya ata bilərəm” deyir". 
Müsahibimiz vurğulayıb ki, Putinin nəzəri olaraq hədəyə əl atması, Rusiyanın kütləvi qırğın silahlarının aurasını canlandırmaq üçün nəzərdə tutulmuş informasiya əməliyyatlarının tərkib hissəsi kimi nəzərə çarpır: "Həmin metod həm də Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları göndərmək qərarına verilən reaksiyadır. Putin ən ciddi rəqibi Britaniyanı həmin qərarı geri çəkmək üçün təzyiq göstərir. Lakin Londonun Moskvanın tələbləri qarşısında mövqeyindən daşınması gerçək görünmür. Rusiya özü də nüvə silahlarının atışından çəkinir. Ona görə ki, NATO-nun buna cavab olaraq hansı tədbir görəcəyini hesablaya bilmir. Bu cür ehtiyatlı davranış qarşılıqlıdır, NATO özü də Rusiyanı nüvə silah atmaq həddinə çatdırmaqdan qaçır. Deməli, mürəkkəb nüvə tənliklərinin partlayışla həlli Rusiyanın da, NATO-nun da qorxduğu son nöqtədir. Beləliklə, gələ biləcəyimiz nəticə bu ola bilər ki, Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirsə belə, bunun nüvə müharibəsinə çevrilmək riski aşağı səviyyədədir. Kremlin nüvə eskalasiyası ritorikası Qərb dövlətlərini Rusiya ilə danışıqlar aparmağa və Ukraynaya əlavə hərbi yardımı dayandırmağa məcbur etmək üçündür".