Ermənistan “Demokratiya sammiti”ndə də ortada qaldı

  Ağ Evin “Demokratiya sammiti”nin bəyannaməsini Ermənistan xüsusi qeydlə imzalayıb. Baş nazir Nikol Paşinyan bəyannamədə Rusiya-Ukrayna müharibəsinin doğurduğu humanitar fəlakətlə bağlı məqamın, Rusiya qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı tələbin yer aldığı bəndi dəstəkləməyib. O, bunu sənədin heç də bütün böhran və münaqişələri əhatə etməməsi ilə əlaqələndirib. Bəhanə olaraq, guya, Azərbaycanın “Ermənistan ərazisinə müdaxilə etdiyini” vurğulamağı da unutmayıb. 

  Siyasi şərhçi Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Ermənistanın və erməniliyin vazkeçilməz, əvəzolunmaz bəhanəsidir. Analitik qeyd edib ki, ermənilər məkana, zamana, ölçü və diametrə məhəl qoymadan burunlarını hər yerə pərçimləyib, sonradan məlum səbəblərdən çıxara bilməyəndə də günahı Azərbaycanda və azərbaycanlılarda görürlər: "Ağ Evin “Demokratiya sammiti” adlı PR toplantısının gündəliyi isə öncədən bəlliydi. Bu toplantının yekun sənədində Rusiyanın əleyhinə müddəanın da yer alacağını, ağlı başında olan hər kəs bilirdi. Əks təqdirdə bu toplantıya heç ehtiyac da qalmayacaqdı. İrəvan isə ənənəsinə uyğun olaraq, eyni anda həm ABŞ-nin, həm də Rusiyanın yanında olduğunu görüntüləmək istədi və nəticə etibarilə heç birinin yanında ola bilmədi, qaldı ortalıqda. Öz müstəqil və israrla müdafiə etdiyi mövqeyi də yoxdur ki, ona istinad edə bilsin. Nəticədə isə sammitin bəyannaməsinin əsas, təməl müddəasını dəstəkləməyə cəsarət edə bilmədi. Nəzərə alaq ki, bəyannamənin sözügedən müddəasız heç bir əhəmiyyəti yoxdur. O zaman Ermənistanın “Demokratiya sammiti”ndə iştirakının həm Vaşinqton, həm də elə İrəvanın özü üçün heç bir işə yaramadığını deyə bilərik. Bəyannamədə Ermənistanın uydurma iddialarına əsasən, ölkəmizin əleyhinə hansısa mülahizənin yer almaması isə sübuta yetirir ki, Azərbaycan özünün olmadığı yerdə belə Ermənistandan dəfələrlə güclü və nüfuzludur. Haqq məsələsinə gəldikdə isə bunu xüsusi olaraq vurğulamağa ehtiyac duymadım. Biz hər zaman haqlıyıq".

E.Mirzəbəyli bir məqamı da qeyd etməyi vacib sayıb: 

"Ermənistan baş nazirinin sammitin bəyannaməsinə əlavəsi, dolayısıyla həm də Vaşintqonun ikili standartlarda günahlandırılması anlamına gəlir. Digər tərəfdən, Ermənistanın konkret faktla bağlı məsələyə etirazının özü belə, ən yaxşı halda ikrah doğurur. Prinsip etibarilə Paşinyanın qoşulmadığı müddəada söhbət Ukrayna ərazisində gedən müharibənin yaratdığı humanitar fəlakətdən və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması tələbindən gedir. Ukrayna ərazisində gedən döyüşlər bu ölkə və bütövlükdə region üçün humanitar fəlakət yaradıbmı? Yaradıb! Rusiya qoşunları başqa bir ölkənin ərazisinə müdaxilə etdiyi üçün oradan çıxarılmalıdırmı? Çıxarılmalıdır! Bunu BMT Nizamnaməsi tələb edir. Amma Ermənistan uzun illər boyu işğalçılıq siyasəti yürütdüyü və ərazi bütövlüyü kimi mühüm amili nəzərə almadığı üçün səsini belə çıxara bilmir. Nəyə etiraz edəcək? Ermənistan qoşunları 30 ilə yaxın Azərbaycan ərazilərində idilər, elə indi də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilərimizdə tör-töküntüləri qalıb. Çox güman ki, yaxın zaman kəsiyində cəhənnəm olub Ertmənistana qayıdacaqlar, ya da gedəcəklər".