Baxmut uğrunda döyüşlər gedir

Putin Hitlerin səhvini təkrarlayır

  Rusiya qoşunları Baxmut şəhərinə hücum etməyə davam edir və qismən uğur əldə ediblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, bununla belə, müdafiəçilərimiz şəhəri cəsarətlə qoruyur, düşmənin çoxsaylı hücumlarını dəf edirlər: "Gün ərzində düşmən Donetsk vilayətinin Orexovo-Vasilyevka bölgəsində uğursuz hücum əməliyyatları keçirib". Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya hakimiyyəti əlavə 400 min hərbçi cəlb etmək üçün böyük kampaniyaya başlamağa hazırlaşır.

Vurğulanıb ki, bunun üçün onlara hərbi texnika lazımdır ki, bu da Moskvada mövcud deyil: "Guya, Rusiya hakimiyyətinin könüllü modelə üstünlük verməsinin səbəbi kadr çatışmazlığını doldurmaq və daxili narazılığı minimuma endirməkdir". Ukrayna Prezidenti Vladimir Zelenski isə deyib ki, yaxın aylarda Ukrayna ordusu cəbhə xəttində daha fəal ola bilər. Qərb də Kiyevə dəstəyini davam etdirməkdədir. NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib ki, ukraynalıların potensialını dəstəkləməyə davam edəcəklər ki, onlar qalib gəlsinlər. Onun sözlərinə görə, Rusiya bu müharibədən qələbə ilə çıxa bilməz, bizim gələcəyimiz buna sadəcə dözə bilməz: "ABŞ və AB həm ikitərəfli proqramlar çərçivəsində, həm də ittifaqın hərbi yardımı çərçivəsində gündəlik olaraq ukraynalılara təlim keçir".
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Kreml sahibi Vladimir Putin Ukraynanın Baxmut şəhərində Rusiyaya qəbir qazır. Analitik bildirib ki, Rusiya ordusu “Vaqner” muzdlu qrupu ilə birgə aylardır kiçik şəhəri işğal edə bilmədiyinə görə hər gün böyük itkilər verir: "Rusiya bu döyüşlərdə müxtəlif təxminlərə görə 30 minə yaxın döyüşçüsünü itirib. Suriyada, Liviyada və Afrikanın mərkəzi ölkələrində ad və pul qazanan “Vaqner” Baxmutda ən ağır məhrumiyyətlərlə üzləşib. ABŞ vaxtilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Baxmutu tərk edib geridə müdafiənin təşkilini təklif etmişdi. Zelenski razılaşmadı və haqlı çıxdı. Ukrayna Prezidenti Baxmutu niyə tərk etməməsini dəmir arqumentlərlə izah edib. Bildirib ki, əgər Baxmut Rusiya qoşunlarına təhvil verilsə, Rusiya Prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana “satacaq”. Baxmutun təhvil verilməsi nəticəsində Putin “qan qoxusunu hiss edəcək” və ukraynalıların zəiflədiyini düşünərək, təzyiqi daha da artırmağa çalışacaq. Digər yandan, Baxmut ruslara təhvil veriləcəyi təqdirdə Ukrayna daxilində siyasi proseslər arzuolunmaz məcraya yönələ və ukraynalıların hakimiyyətə, eləcə də müharibənin gedişinə münasibəti dəyişə bilər". 
  E.Şahinoğlunun fikrincə, Putin Hitlerin səhvini təkrarlayır: "Hitler üçün İkinci Dünya müharibəsi zamanı Stalinqradı işğal etmək prinsipial məsələydi. Alman qoşunları şəhərə daxil oldular və aylarla küçə döyüşləri davam etdi. Berlin indiki Moskva kimi hər gün “şəhər bizimdir” deyərkən sovet qoşunları müqaviməti gücləndirərək şəhəri geri aldılar. Stalinqrad uğursuzluğu Hitler Almaniyasının sonunun başlanğıcı oldu. Putin də eyni yolla gedir".