ABŞ-də tornadolar nəticəsində 26 nəfər həyatını itirib


Ötən gecə ABŞ-nin orta-qərb və cənub ştatlarının məruz qaldığı tornadolar səbəbindən həyatını itirənlərin sayı 26-ya yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən gecədən dünən səhərə kimi əsasən Arkanzas, Missisipi, Ayova, Tennessi, İllinoys və Viskonsin ştatlarını əhatə edən geniş ərazidə 57-dən çox tornado hadisəsi qeydə alınıb.

Tornadolar səbəbi ilə Tennessi ştatında 9, Arkanzasda 5, İndianada 3, İllinoysda 4, Memfisdə 2-si uşaq olmaqla 3, Missisipi və Alabamada hər biri bir nəfər olmaqla cəmi 26 nəfər həyatını itirib.

Ölkədə elektrik enerjisinin kəsilməsini izləyən “PowerOutage.US” internet saytının məlumatına görə, bu səhərə kimi fırtınadan zərər çəkmiş ərazilərdə 150 mindən çox ev və iş yeri hələ də işıqsız qalıb.

Səlahiyyətlilər tornado və şiddətli fırtınaların səbəb olduğu can və mal itkiləri üçün zərərin qiymətləndirilməsi üzərində işləməyə davam edirlər.

Xatırladaq ki, ABŞ-nin Missisipi və Alabama ştatlarında martın 25-də baş verən tornadolarda 26 nəfər həyatını itirmişdi.