Makron ABŞ-nin Avropadakı hegemonluğunu qəbul etmir

O, Pekindən qayıtdıqdan sonra Çini deyil, ABŞ-nin siyasətini tənqid etməyə başlayıb

  "Fransa Prezidenti Emmanuel Makronun bir müddət əvvəl Çinə səfəri ABŞ-nin siyasi və ekspert dairələrində müzakirə predmeti olaraq qalır. Vaşinqton bu səfərin Qərbin xeyrinə olmadığı və fayda vermədiyi qənaətindədir". 
  Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitikin sözlərinə görə, Vaşinqtonda hesab edirlər ki, Fransa Prezidenti Çinə güzəştə getməyə hazırdır: "Emmanuel Makron Çinə səfərini yekunlaşdırdıqdan sonra o, Tayvan mövzusunda mübahisəli müsahibə verərək ABŞ-nin müttəfiqi olmağın “vassal” olmaq anlamına gəlmədiyini söyləyib: “Müttəfiq olmaq vassal olmaq demək deyil... bu, bizim özümüz haqqında düşünmək haqqımızın olmadığı anlamına gəlmir”. Emmanuel Makron həmçinin deyib ki, “Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır” və “vəziyyətin sülh yolu ilə həllinə” çalışır. Makron bununla demək istəyib ki, Fransa və digər Avropa ölkələri ABŞ-nin Tayvan məsələsində Çinlə qarşıdurmanın tərəfdarı olmamalıdırlar. Halbuki Makronun Pekinə səfərinin məqsədi Çini Rusiyaya dəstəkdən imtinaya dəvət etmək olmalı idi. Makron isə Pekindən geri döndükdən sonra Ukrayna əvəzinə Tayvandan danışıb. Tsi Cinpin Makronla geniş fikir mübadiləsi aparsa da, Ukrayna məsələsində əvvəlki mövqeyindən geri çəkilməyib. Maraqlıdır ki, Emmanuel Makron Pekindən qayıtdıqdan sonra Çini deyil, ABŞ-nin siyasətini tənqid etməyə başlayıb. Makron Avropanın ABŞ ilə bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarı kimi çıxış edib. Bu o deməkdir ki, Makron ABŞ-nin Avropadakı hegemonluğunu qəbul etmir. Makron Avropanın güc mərkəzinə çevrilməsinin tərəfdarıdır. Fransa Prezidenti hesab edir ki, bunun üçün zaman yetişib". 
  Ekspert bildirib ki, Makronun son açıqlamaları ABŞ-nin siyasi dairələrində böyük narazılıq yaradıb: "ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Makronu aşağılamaqdan çəkinməyib. Respublikaçı senator Marko Rubio isə Makrona məsləhət görüb ki, Avropa ABŞ-nin dəstəyi olmadan Ukraynanı dəstəkləsin. 
  Fransanın keçmiş liderləri də Avropanın ABŞ-dən uzaqlaşmasını dəstəkləyirdilər. Ancaq heç bir nəticə hasil etmirdilər. Çünki İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən formalaşmasında, iqtisadiyyatının bərpasında və təhlükəsizlik sisteminin qurulmasında ABŞ-nin müstəsna rolu olub və Vaşinqton bu rolundan imtina etmək istəmir. Digər tərəfdən, Avropa ölkələri Amerikasız keçinə bilmirlər. Məsələn, 1990-cı illərin əvvəllərində keçmiş Yuqoslaviyada müharibə başlayanda Avropa ölkələri aciz qaldılar, məsələyə ABŞ qarışdıqdan sonra vəziyyət sabitləşdi. Digər tərəfdən, Avropa ölkələrinin bir qismi Fransa Prezidentinin təklifləri ilə razı deyillər. Polşa ABŞ ilə strateji tərəfdaşlıqdan imtina etməyi planlaşdırmır".