Avqust 9-da Quba stansiyasından 15 kilometr cənubda - Quba rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 00:39-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,8-ə bərabər olub.
Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.
Geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Sherg.az”a bildirib ki, zəlzələ ocaqları hər zaman oyaqdır:
“Ocaqların yatan günü yoxdur. Elə gün olur ki, 10-15 dənə təkanlar baş verir. Sadəcə bunlardan hiss olunanı və olunmayanı var”.
Ekoloq Qorxmaz İbrahimli isə bildirib ki, zəlzələ ocaqları oyanmayıb, çünki onlar daim oyaqdır:
“Türkiyə ərazisində hər an zəlzələ ola bilər. Eyni vəziyyəti bizə və Böyük Qafqaza da aid etmək olar. Xəzər dənizində hər gün titrəyişlər var. Ümumiyyətlə Böyük Qafqaz ərazisində titrəyişlər davamlı şəkildə olur. Bakı və Abşeronda 6-7 bal gücündə zəlzələ ola bilər. Türk seysmoloqlar illərdir ki, bu barədə xəbərdarlıq edirlər. İstanbulda şəhərin yenidənqurulması aparılaraq zəlzələyə davamlı binalar tikilir və əhali təhlükəli binalardan köçürülür. Dövlət bu məsələyə böyük yatırım edir. Həqiqətən də yüzminlərlə insanın həyatını itirəcəyi dərəcədə fəlakət ola bilər. Ötən il Türkiyədə zəlzələ zamanı 50 mindən çox insanın həyatını itirməsinin və itkin düşməsinin şahidi olduq. Bu baxımdan hazırlıqlı olmaq lazımdır. Dövlətimiz tikilən binaların dayanıqlılığına diqqət etməlidir. Bu gün bütün dünyada zəlzələyə davamlı binalar tikilməkdədir”.