NATO-Ukrayna münasibətlərində yeni mərhələ başlayır

Alyansın baş katibinin Kiyevə qəfil səfəri bölgədə müəyyən aktivləşmə ilə bağlıdır


  NATO baş katibi Yens Stoltenberq Ukraynaya səfər edib. Baş katibin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü keçirilib. Zelenskinin feysbuk hesabında bildirilib ki, Stoltenberqin səfəri Alyansla Ukrayna münasibətlərində yeni mərhələ kimi qəbul edilir. Stoltenberq Kiyevdə müharibədə həlak olan ukraynalı əsgərlərə ehtiramını bildirib və mərkəzi meydanda nümayiş etdirilən məhv edilmiş Rusiya hərbi texnikasına baxıb.

Xatırladaq ki, 2022-ci ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı hücumundan sonra Stoltenberq ilk dəfədir ki, Kiyevə səfər edir. NATO baş katibi deyib ki, müttəfiqlər Ukraynaya 150 milyard avrodan çox dəstək verib, on minlərlə ukraynalı əsgərə təlim keçib: "Müttəfiqlər indi daha çox hərbi təyyarələr, tanklar və zirehli maşınlar göndərir, NATO-nun Ukrayna fondu isə təcili dəstək verir. Bütün bunlar bu gün döyüş meydanında real dəyişiklik yaradır". Baş katib qeyd edib ki, Ukraynanın haqlı şəkildə layiq olduğu yeri Avro-Atlantik ailədədir: “Ukraynanın layiqli yeri NATO-dadır. Və zaman keçdikcə dəstəyimiz bunu mümkün etməyə kömək edəcək”. O, çoxillik dəstək təşəbbüsünün Ukraynaya sovet dövründən qalma avadanlıq və doktrinalardan NATO standartlarına keçməsinə kömək edəcəyini və Alyansla tam qarşılıqlı fəaliyyətin təmin olunacağını vurğulayaraq, bunu "NATO-nun Ukraynaya uzunmüddətli öhdəliyinin sübutu" adlandırıb: "Biz bu müharibənin nə vaxt bitəcəyini bilmirik, lakin biz bilirik ki, Rusiyanın təcavüzü dayandırılmalı olan zəhərli nümunədir. Buna görə də biz Ukraynanın Silahlı Qüvvələrini gücləndirməyə davam etməliyik. Biz Ukraynanın təhlükəsizliyi üçün möhkəm, güclü mexanizmlərin mövcud olmasını təmin etməliyik".

  Stoltenberq deyib ki, NATO bu gün, sabah və nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq: “İşğaldan bir ildən çox vaxt keçməsinə baxmayaraq, Rusiyanın təcavüzkar müharibəsi bəşəriyyət üçün misilsiz əzablara səbəb olmağa davam edir, evlərə və xəstəxanalara, uşaq meydançalarına və elektrik stansiyalarına amansız hücumlar edilir. Rusiyanın Ukrayna xalqına qarşı vəhşilikləri bu gün də davam edir və bütün bunlara görə məsuliyyət daşıyanlar cavab verməlidir. Mən bu gün sadə bir mesajla buradayam: 

NATO Ukraynanın yanındadır. 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaqından sonra biz sizin yanınızdayıq. Biz bu gün rus işğalçılarına qarşı qəhrəmancasına mübarizənizdə və ölkənizin müdafiəsində sizin yanınızdayıq. Və sizin yenidən qurduğunuz və Ukrayna xalqı üçün daha parlaq gələcəyə doğru çalışdığınız zamanda, sabah da sizin yanınızda olacağıq". 

  NATO rəhbərinin Ukrayna səfərinə Moskvadan da reaksiya gəlib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq hələ də xüsusi əməliyyatın məqsədlərindən biridir: "Stoltenberqin Kiyevə səfəri ilə bağlı Ukraynanın Şimal alyansına daxil olması perspektivlərinin qiymətləndirilməsi aparılmır". 

  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü davam etdikcə, rus ordusunun hərbi üstünlük qazanacağı ehtimalı gündən-günə azalır. Ekspert deyib ki, müharibənin ilk aylarında Ukraynanın təcavüzə dirənişi çətin keçsə də, artıq Rusiyanın hərbi əməliyyatlarının qarşısını almaqda çətinlik çəkmirlər: 

"Müharibə ərəfəsində Ukrayna ordusunda köklü dəyişiklilər baş verdi. Ordu sürətlə NATO standartlarına gətirildi. Avropanın hərbi məktəblərində onminlərlə ukraynalı əsgər və zabit təlimlərə cəlb olundu. Eyni zamanda NATO silahları Ukrayna ordusunun əsas arsenalına çevrildi. Son hərbi əməliyyatlarda Rusiya ordusu heç bir müvəffəqiyyət əldə edə bilməyib. Zelenski müharibənin ilk aylarında panikaya və stressə düşmüşdü. Lakin indi hərbi əməliyyatların dayandırılması üçün Putin qarşısında şərt irəli sürür. Bu ilin yazından etibarən Donbas istiqamətində çoxlu hərbi qüvvələr cəmləməklə Rusiyanı geri çəkilməyə məcbur etdilər". 

 V.Əfəndiyevə görə, NATO baş katibinin Kiyevə qəfil səfəri bölgədə müəyyən aktivləşmə ilə bağlıdır:

 "Zelenski Donbas istiqamətində genişmiqyaslı hücumları müvəqqəti dayandırsa da, bu fasilə əməliyyatların davam etməyəcəyi anlamını vermir. Çin Prezidentinin Zelenskini silahı yerə qoymağa çağırması və Rusiyaya təslim olmaq təklifi heç bir normaya sığmayan diplomatik səhvdir. 

Ən azından Çin Prezidenti Si Tsinpin hər iki tərəfə silahı yerə qoyma təklifi etməliydi. Bunun davamı olaraq, Ukraynaya 500 min əsgər və zabit heyəti göndərəcəyini bəyan etməsi icrası mümkün olmayan açıqlamadır. Belə sərsəm bəyanatlar gələcəkdə Rusiya ilə yanaşı, Çinin də BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən xaric olması ilə nəticələnə bilər. 

Yens Stoltenberqin səfəri Qərbin təcavüzlə barışmayacağının açıq mesajıdır. NATO anbarlarında müasir silahlar çoxdur".