Budanov: Ukrayna 1991-ci il sərhədlərinə qayıdandan sonra müharibə başa çatacaq

Ukraynadakı müharibənin bitməsinin yeganə yolu bütün ərazilərin işğaldan azad olunmasıdır.

APA xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Budanov qeyd edib ki, söhbət 1991-ci il sərhədlərindən gedir və Ukrayna həmin sərhədlər daxilində olan ərazilərə tam nəzarət edəndən sonra müharibə başa çatacaq.

Onun sözlərinə görə, ərazi problemləri həll olunmasa, Ukraynada müharibə bitməyəcək və ölkəsi heç zaman torpaqlarının bir hissəsini kiməsə verməyə razı olmayacaq: “Bu müharibəyə son qoymağın bir həlli var və bu da istənilən yolla Ukrayna sərhədlərinin 1991-ci il modelinə qaytarılmasıdır.

Krım Ukrayna ərazisinin bir hissəsidir, Krım qaytarılmadan vəziyyət dəyişməyəcək və əgər ən sonda Krım azad olunarsa, bu, final olacaq.

Krım alınarsa, lakin Donbass işğal altında qalacaqsa, deməli bu, final deyil”.