Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanın Qurgen Arsenyanla əvəzlənməsi sadəcə diplomatik dəyişiklik deyil. Bu, eyni zamanda, ən yaxın tərəfdaşları MKİ və DGSE olan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin Moskvada düşərgə yaradıb, fəaliyyətə başlaması deməkdir.
Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
O bildirib ki, müvafiq qərarı Ermənistanın Baş naziri Paşinyan imzalayıb:
“Ermənistan Xarici Kəşfiyyat Xidmətinin Moskva rezidentliyinin əməkdaşları üçün diplomatik müdafiə vəzifələrinin nomenklaturası Ermənistan Xarici Kəşfiyyat Xidməti və Xarici İşlər Nazirliyi arasında razılaşdırılıb”.
Politoloq Natiq Miri “Sherg.az”a vurğulayıb ki, hansısa ölkənin Rusiya kimi kəşfiyyat xidmətləri ən yüksək səviyyədə olan dövlətə agent səfir göndərməsi sıradan məsələ deyil:
“Çünki bu məsələ ciddi şəkildə araşdırılır. Hətta Ermənistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə göndərəcəyi səfir barəsində əvvəlcə aqreman göndərir. Sözügedən aqreman qəbul olunduğu təqdirdə Ermənistan Rusiyaya səfir təyinatı edə bilir. Yəni Nikol Paşinyan belə bir qərar veribsə, demək ki, Rusiya XİN-i həmin şəxsi səfir olaraq qəbul edib. Ona görə də sözügedən məsələ müəmmalıdır. Əgər həqiqətən də Ermənistanın yeni səfirinin xüsusi xidmət orqanlarıyla bilavasitə əlaqəsi varsa və konkret kəşfiyyat missiyası həyata keçirirsə, bu Rusiyanın zəifliyidir. Amma məndə belə bir təsəvvür yaranmır. İqor Korotçenkonun nə deməsindən asılı olmayaraq belə qərar verilibsə, Rusiyanın da bir bildiyi var. Yəni Kremlin məlumatsız olduğunu düşünmürəm. Rusiya hər göndərilən səfiri alqışla qarşılayacaq ölkə deyil. Eyni zamanda Nikol Paşinyan hakimiyyəti ilə indiki münasibətlər kontekstində belə məsələlər Rusiya üçün strateji xarakter daşıyır. Rusiya yaxşı bilir ki, bəzi məsələlər Ermənistan üzərindən həyata keçirilir".