Ukraynadan Şimal qonşumuza sərt həmlə: Savaş Rusiyanın daxilinə sıçrayır -ŞƏRH

Ukrayna ordusu Kurskda gedən döyüşlərə qatılmaq üçün göndərilən rus hərbi kolonuna Rila rayonunun Oktyabrsk şəhəri yaxınlığında zərbə endirib. Zərbənin nəticələrini əks etdirən görüntülər Teleqram kanallarında yayılıb. Kadrlarda çoxsaylı rus hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyi aydın görünür. Teleqram kanallarında kolonun vurulmazdan öncəki görüntüləri də paylaşılıb. Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib, 20-dən çox yaşayış məntəqəsini, o cümlədən Suca şəhərinə nəzarəti ələ keçirib. Hazırda ərazidə döyüşlər gedir.


Kursk vilayətində baş verən hadisələri “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Ukraynanın Rusiya sərhədləri daxilində əməliyyata başlaması bir çox aspektdən başa düşüləndir:

“Bğyük ehtimalla Ukrayna bu addımları atarkən planların hesablanması, hücumun hansı ziyan və fayda verəcəyi barəsində Böyük Britaniya, Amerika Birləşmiş Ştatlarının kəşfiyyatlarından da məlumatlar alıb. Burada Ukraynanın məqsədi müharibəni Rusiyanın sərhədləri daxilinə aparmaqla rəsmi Moskvanın da savaşdan ziyan görməsini  istəməsindən ibarətdir. Əgər Kurskda yaşanan hadisələr Ukraynanın hədəflərinə çatması ilə yekunlaşarsa, Vladimir Putinin "Biz imkan verməyəcəyik ki, Rusiya və  xalqına zərər gəlsin" vədləri puça çıxacaq. Belə olan halda Ukrayna müəyyən mənada məqsədlərinə çatacaq və Rusiyanı bəzi şərtlər daxilində sülh razılaşmasına razı salmaq üçün situasiya formalaşdıracaq”. 

Ekspert eyni zamanda qeyf edib ki, Rusiya canlı və texniki qüvvələr baxımından Ukrayna ordusundan xeyli irəlidədir:
"Ukrayna illərdir öz ərazilərini azad edə bilmədiyi mövcud vəziyyətdə Kurskdakı əməliyyatlar fonunda Rusiya ordusunu məğlubiyyətə uğrada bilməz. Kurskdakı hadisələrin Rusiyanın daxilinə doğru irəliləyə bilmə ehtimalı gözlənilən deyil. Çünki Ukraynanın ucsuz-bucaqsız Rusiya torpaqlarında irəliləməsi üçün hərbi imkanları məhduddur. Donetsk, Luqansk və Qara dəniz sahillərində hərbi əməliyyatları davam etdirməkdə olan Rusiya ordusunu saxlamaq üçün Ukraynanın müdafiəyə daha çox ehtiyacı var. Yəni bu əməliyyatlar müharibənin taleyində ciddi dönüş nöqtəsi yaratmayacaq. Sadəcə olaraq Ukrayna Kurskda əməliyyatlar aparmaqla Rusiyaya göstərmək istəyir ki, müharibəni davam etdirdikcə biz sənin sərhədlərində qan tökə bilərik".