“Qərb ölkələri getdikcə kollektiv şəkildə Ukraynadakı münaqişəyə daha çox cəlb olunur”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
O, bildirib ki, Kiyevə yeni silahların, o cümlədən qırıcı təyyarələrin çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyə qadir deyil.
Qeyd edək ki, Rusiya Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Açıqlamaya münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, Rusiya daxili ictimaiyyətə təkcə Ukrayna ilə yox, həm də kollektiv Qərblə mübarizə apardığını göstərir:
"Yəni Kreml, rəqib rəsmi Kiyev olsa idi çoxdan qalib gələrdik, amma Qərblə mübarizə aparırıq rəyi formalaşdırmağa çalışır. Bunların fonunda isə həmrəyliyi təmin etməyi arzulayır. Digər tərəfdən müharibə ərəfəsində Kremldən qısa müddətdə Kiyevə girəcəkləri və hərbi əməliyyatlarının az zaman aparacağı ilə bağlı açıqlamalar gəlirdi. Ancaq bu baş vermədi və Rusiya Ukraynada bataqlığa düşdü. İndi də buna hansısa formada bəraət qazandırmalıdır".
Analitikin sözlərinə görə, proseslər Kremlin uğursuzluqlarının davam edəcəyini göstərir:
"Bu nöqteyi nəzərdən də özünü haqq qazandırmağa çalışır ki, Qərb Ukraynanı dəstəklədiyi üçün, biz qalib gələ bilmirik. Yəni səriştəsizliyini başqalarının üzərinə atır. Həmçinin Rusiya silahlı qüvvələrinin müəyyən istiqamətlərdə cüzi irəliləmə əldə etsə də, onlarda Ukraynadan fərqli olaraq siyasi və hərbi elitada sabitlik yoxdur. Yəni rus elitası daha kövrək və dağılmağa meyillidir. Peskovun açıqlaması da gələcək uğursuzluqlara indidən haqq qazandırmağa hesablanıb. O gələcəkdəki uğursuzluqları, Qərb ölkələrinin Ukraynaya dəstəyinin artmasının boynuna atır. Hətta o yenə də, burada müharibə yox, münaqişə sözündən istifadə edib. Görünür ki, onlar müharibədə olduqlarını qəbul etmirlər. Lakin indiyə kimi Putin açıqlamalarında müharibə sözünü işlədib".