Qırğızıstan milli valyutasını ölkə daxilində çap edəcək

Yaxın vaxtlarda Qırğızıstan milli valyuta əsginaslarını respublikanın daxilində çap etməyə başlayacaq. Bu istiqamətdə müvafiq iş aparılır, ölkəyə zəruri texnika və avadanlıq gətirilib.

AZƏRTAC qırğız dövlətinin başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə ictimaiyyətə Qırğızıstan Prezidenti Sadır Japarov milli valyutanın dövriyyəyə buraxılmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə məlumat verib.

Qırğızıstan Prezidenti qeyd edib ki, 1993-cü ilin mayı Qırğız Respublikasının tarixində ən əlamətdar aylardan biridir. O əlavə edib: “Məhz həmin ayda Qırğız Respublikasının Konstitusiyası qəbul olunub, bir müddət sonra isə milli valyuta dövriyyəyə buraxılıb”.

Sadır Japarov qeyd edib ki, milli valyutanın dövriyyəyə buraxılması ən vacib iqtisadi islahatlar üçün imkanlar yaradıb. O deyib: “Qırğızıstan keçmiş Sovet İttifaqı ölkələri arasında milli valyutanı dövriyyəyə buraxan ilk dövlətlərdən biridir. Bu, bizim müstəqil inkişaf yolumuzu müəyyən etdi və sərbəst pul-kredit siyasətinə imkanlar yaratdı”.

Qırğız lider vurğulayıb ki, ötən 30 ildə som Qırğızıstanın sabit dövlətçiliyinin rəmzi və ölkənin müstəqil iqtisadi siyasətinin başlıca amili olub.