ABŞ UNESCO-ya üzvlüyünü bərpa edir

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) yenidən üzv olmaq üçün müraciət edib.

APA-nın məlumatına görə, bu barədə bazar günü “Axios” portalı Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

Vaşinqton təşkilata öz niyyəti barədə ötən həftə məlumat verib. İyunun 8-də ABŞ Dövlət Katibinin İdarəetmə və Resurslar üzrə müavini Riçard Verma UNESCO-nun baş direktoru Odri Azuleyə ABŞ-ın geri qaytarılması planını göndərib. Plan Dövlət Departamenti ilə UNESCO arasında uzun sürən danışıqların nəticəsi olub və Vaşinqtonun təşkilata olan borcunu ödəməsi və İcraiyyə Şurasına qaytarması üçün vaxt çərçivəsi haqqında məlumatı ehtiva edir.

Nəşr hesab edir ki, ABŞ prezidenti Co Bayden bu yolla Çinin UNESCO-ya artan təsirinin qarşısını almağa çalışır.