Baydenin çoban itləri Ağ Evdə gərginlik yaratdı: Ailə həll yolu axtarır

Qlobal istiləşmə, Ukrayna müharibəsi və daxili siyasət... Bu ağır məsələlər azmış kimi Ağ Evin gündəminə prezident Co Baydenin itləri də əlavə olundu. Baydenin iti Ağ Evdəki məxfi xidmət agentlərini dişlədiyi bildirilir. Bayden ailəsi həll yolu axtarır. Bu məsələ hətta Ağ Evin mətbuat konfransında da gündəmə gəlib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Baydenin alman çoban itləri Ağ Ev işçilərinə qarşı aqressiv olduqları üçün 2021-ci ildə iki həftəlik təlim proqramına aparılmış və sonra təkrar saraya qaytarılmışdı.


Lakin o itlər yenidən ölkənin gündəminə düşdü. İtlərinin bu dəfə məxfi xidmət agentlərinə hücum etməyə başladığı bildirilib.

Alman çoban itlərinin qarşdırdığı ən azı 10 hadisə var. Dişlənənlər arasında məxfi xidmət işçiləri də var. Hətta onlardan biri xəstəxanaya yerləşdirilib.

"Komandir" adlı itin aqressiv davranışı da ölkə gündəmində öz yerini tapıb.


Ağ Evdə keçirilən mətbuat konfransında məsələ ilə bağlı suallar verilib.

Ağ Evin sözçüsü Karine Jean Pierre sualları yumorla cavablandırıb.

Jurnalistlərdən biri sözçü Pierre, "Mənim sualım çox fərqli bir mövzudadır: İt. "Komandir"in adam dişləmə problemi var. Son inkişaflar haqqında məlumat verə bilərsinizmi?" deyə sual edib.


Pierre, "Bildiyiniz kimi, Ağ Ev unikal və stresli bir yerdir. Əminəm ki, hamınız bunu başa düşürsünüz. "Komandir" bir ailə ev heyvanıdır. Bayden ailəsi hər kəs üçün ən yaxşı mühiti təmin etməyə çalışır" cavabını verib.

Bayden ailəsinin əvvəlki iti "Mayor" da insanlara eyni stresi yaşadıb. Hadisədən sonra 2021-ci ilin martında Ağ Evdən iki həftəlik təlimə göndərilib. Bayden ailəsi elə həmin il "Komandir" adlı yeni iti himayəyə götürüb.

Turan