ABŞ-də həddindən artıq istilər 190 milyon insana təsir edib

ABŞ-nin cənub bölgələrində həftələrdir təsirli olan  isti hava dalğası şimal ştatlarına da yayılaraq 190 milyon insana təsir edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Milli Meteoroloji Xidmət ölkənin şimal-şərq şəhərlərində, xüsusilə Boston, Nyu-York və Vaşinqtonda "son dərəcə isti hava" ilə bağlı xəbərdarlıq edib.

“Sıxılmış istilik və rütubət” olaraq xarakterizə edilən isti havanın ölkə daxilində 190 milyon insana təsir etdiyi və bunun xalq sağlamlığı üçün təhlükə yaratdığı bildirilib.


Milli Meteorologiya Xidmətinin Nyu-York ofisi həddindən artıq isti hava şəraitinin iki gün davam edəcəyini, havanın temperaturunun isə yerlərdə 39 dərəcəyə çatacağını bildirib və əhalini məcbur qalmadıqda küçəyə çıxmamağa  çağırıb. 

İctimaiyyətdən lazımi tədbirləri görmələri xahiş olunub.

Arizona ştatının Phoenix şəhərində 28 gün fasiləsiz olaraq ən az 43 dərəcə, Florida ştatında Mayamidə 46 gün və El Paso, Texasda 42 gün ərzində təxminən 38 dərəcə istiliklə rekord qırılıb.

Rəsmilər həmçinin Kaliforniya, Aydaho, Montana və Nevada ştatlarında yüksək istilik, külək və aşağı rütubət səbəbindən meşə yanğınları təhlükəsini qeyd ediblər.

ABŞ-da, xüsusən də cənub və qərb tərəflərində təhlükəli temperatur həftələrdir davam edir.

Turan