Fransa Nigerə maliyyə yardımını dayandırdı:Borrelldən açıqlama

Fransa ordunun Nigerdə ​​hakimiyyəti ələ keçirməsindən sonra bu ölkəyə  maliyyə yardımını kəsdiyini açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Niger prezidenti Mohamed Bazoum iyulun 26-da Prezident sarayında Mühafizə alayı tərəfindən saxlanılıb, bundan sonra ordu sözçüsü Amadou Abdramane milli kanalda çevriliş bəyanatını oxuyub. Ölkədəki hərbi çevrilişin lideri, Prezident Mühafizə Alayının komandiri general Abdurahmane Tchiani keçid hökumətinin başçısı olub.

Ordu Nigerdə ​​hakimiyyəti ələ keçirdikdən sonra Fransadan reaksiya gəldi. Fransa Xarici İşlər Nazirliyi  Nigerə bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırdığını açıqlayıb. Nazirlik demokratik yolla seçilmiş prezident Bazumun yenidən vəzifədə olduğu konstitusiya quruluşuna dərhal qayıtmağı tələb edib.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell verdiyi açıqlamada deyib ki, büdcə dəstəyinin dərhal kəsilməsinə əlavə olaraq (Nigerdə), təhlükəsizlik sahəsində bütün əməkdaşlıq tədbirləri qeyri-müəyyən müddətə dayandırılır.

Niger, Avropa Birliyinin Saharaaltı Afrika regionundan qeyri-qanuni miqrant axınının qarşısını almağa kömək edən əsas Afrika ölkələrindən biri kimi görülür. Nigerdə ​​AB-nin hərbi təlim missiyası üçün az sayda əsgər var. Dünya Bankı bildirir ki, Niger hər il 2 milyard dollara yaxın inkişaf yardımı alan dünyanın ən kasıb ölkələrindən biridir. Aİ 2021-2024-cü illər arasında Nigerdə ​​idarəetməni, təhsili və davamlı inkişafı təkmilləşdirmək üçün öz büdcəsindən 503 milyon avro ayırıb.

Turan