"Taxıl sazişi"nin həll mexanizmləri mövcuddur  - Politoloq

Putinin Türkiyəyə səfəri baş tutarsa, böyük dönüş olacaq
 

  Rusiyanın dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən birtərəfli çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi də yaradıb. ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, taxıl dəhlizinin bağlanması fonunda Rusiyanın altı Afrika ölkəsinə vəd etdiyi pulsuz taxıl kifayət etməyəcək. Blinken bildirib ki, taxıl dəhlizinin fəaliyyəti zamanı 20 milyon ton taxıl ixrac edilib və Rusiyanın hazırkı təklifi yalnız 50 min tondur: “Rusiyanın vəd etdiyi dəryada bir damladır. Bu, problemi həll etmir, taxılın bahalaşmasının qarşısını almayacaq”. Cənubi Afrika Respublikası da “Taxıl sazişi”nin bərpa olunması üçün Rusiyaya çağırış edib. Ölkənin xarici işlər naziri Naledi Pandor bildirib ki, Rusiyanı danışıqlara qayıtmağın zəruriliyinə inandırmağa çalışır: “Biz bunun üçün çox səy göstəririk. Tərəflərlə əlaqə saxlayırıq”. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"ni uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin uzadılması ilə bağlı Rusiya rəhbəri Vladimir Putinlə danışmaq niyyətində olduğunu bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir. 
  Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, Rusiya "Taxıl sazişi"ndən çıxdığını elan edəndən sonra Ukraynanın Qara dənizdəki limanlarını vurdu və taxılın daşınması üçün bütün infrastrukturu dağıtdı. Ekspertin sözlərinə görə, Moskva həmin gəmilərlə Ukraynaya silah-sursat daşındığını bəhanə edərək, limanları darmadağın etdi:

"Bunun cavabı gecikmədi. Ukrayna Kerç boğazında iki Rusiya gəmisinə hücum çəkdi. Onlardan biri hərbi desant, digəri neft daşıyan gəmiydi. Kiyev göstərdi ki, Qara dənizdəki rus limanları da təhlükəsiz deyil və ora yaxınlaşan istənilən gəmi legitim hədəfdir. Nəticədə Rusiya müəyyən qədər neytrallaşdı. Çünki real təhlükə altında heç bir ölkə öz gəmisini Rusiyanın Qara dənizdəki limanlarına göndərməz. Hadisələr masadakı mövqeləri bərabərləşdirdi. Əvvəl Rusiyanın üstünlüyü var idisə, sonrakı prosesdə Ukrayna mövqeləri eyniləşdirdi. Bu da Türkiyəyə imkan verdi ki, konkret maraqlar çərçivəsində taxıl dəhlizinin təhlükəsiz həyata keçirilməsi ilə bağlı razılığa nail olsun. Rusiya taxılının başqa ölkələrə yox, birbaşa kasıb Afrika dövlətlərinə çatdırılması üçün Türkiyənin də öz təklifləri var. Ankara təklif edir ki, taxıl Türkiyəyə gəlsin, orada üyüdülsün, una çevrilsin və Rusiyanın istədiyi kasıb Afrika ölkələrinə göndərilsin. Yəni bu problemin də həll mexanimzləri mövcuddur. Əgər avqust ayının sonunda Rusiya Prezidenti V.Putinin Türkiyəyə səfəri baş tutarsa, "Taxıl sazişi"nin yenidən razılaşdırılması üçün bütün imkanlar mövcud olacaq".