Ermənilər riyakarlığın bütün variantlarını sınaqdan keçirir  - ŞƏRH

BMT kimi mötəbər beynəlxalq təşkilatı da öz çirkin niyyətləri üçün siyasi manipulyasiya alətinə çevirməyə cəhd göstərirlər


  BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri Azərbaycan tərəfindən Laçın yolunun "blokadada" saxlandığı və Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış ediblər. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, BMT məruzəçilərinin qərəzli bəyanatları təəssüf doğurur və təşkilatın siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir. Vurğulanıb ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına göz yuman BMT xüsusi məruzəçilərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur: "Bununla yanaşı, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq-Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir. Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayıb. Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib. Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb". Qeyd olunub ki, Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib: "Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmamət verilməsinə dair çağırışlara baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib. Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır". 

Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, riyakarlığın bütün variantlarını sınaqdan keçirən ermənilər BMT kimi mötəbər beynəlxalq təşkilatı da öz çirkin niyyətləri üçün siyasi manipulyasiya alətinə çevirməyə cəhd göstərirlər. Ekspertin sözlərinə görə, bu təşkilatın bəzi məruzəçilərinin və "müstəqil" ekspertlərinin ermənilərin fitnəkar yalanlarına uyaraq anti-Azərbaycan xarakterli bəyanat yaymaları bu fikri təsdiqləyir: 

"Sözügedən qərəzli bəyanatda Laçın "dəhlizi"nin guya Azərbaycan tərəfindən "blokada"da saxlandığı və nəticədə Xankəndidə “gərgin humanitar vəziyyət” yarandığı kimi cəfəng iddialar yer alıb. Bu da azmış kimi BMT-nin məruzəçiləri və ekspertləri məlum bəyanatda Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq-Qarabağ” kimi təqdim ediblər. Bütün bunlar onu göstərir ki, BMT kimi bir təşkilatın məruzəçilərini, ekspertlərini məktəbli uşaqlar kimi aldatmaq və onları tamamilə yanlış istiqamətə yönəltmək ermənilər üçün su içmək qədər asandır. Deməli, BMT-nin təmsilçiləri həm də yerində olmayan qeyri-kompetent, qeyri-peşəkar şəxslərdir. Bu baxımdan, biz BMT-nin İnsan Hüquqları Şurasının məruzəçi və ekspertlərinin hazırladığı 2023-cü il 7 avqust tarixli bəyanatı qərəzli və diletant bir sənəd hesab edir və bu bəyanatın yayılmasını qınayırıq. BMT-nin ayrı-ayrı strukturları özlərinin ermənilərin hiyləgər və avantürist oyunlarının alətinə çevrilməsinə yol verməməlidirlər. Məruzəçilər və ekspertlər səlahiyyət həddini aşıb Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar. BMT Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıbsa, BMT mandatını daşıyan adi məruzəçi və ekspertlər də suverenliyimizə və ərazi bütövlüyümüzə hörmətlə yanaşmalıdır. Ümid edirik ki, BMT rəhbərliyi bundan sonra bu təşkilatın ayrı-ayrı orqanlarının ermənilərin siyasi manipulyasiya alətinə çevrilməsinə yol verməyəcək".