Rusiya-Ukrayna: "Hər iki tərəfdə strateji boşluqlar var"

Ukraynadakı müharibə səbəbilə nə Qərbin, nə də Rusiyanın strateji məğlubiyyətə məruz qaldığını söyləyə bilərik

  "Rusiya ambisiyalarını neoimperiya hədlərinin zirvəsinə çatdıran hərəkətlərini Ukraynadakı müharibə ilə başlatdı. Amma Moskvanın özünün gücü haqqında yaratdığı mif - “istənilən zaman istədiyimiz əraziləri üç günə tutarıq” eyforiyası didilib parçalandı". Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almağa çalışdığı zamanda digər qonşusu Finlandiya Alyansın üzvü oldu

"Baltik dənizinin şimalındakı, bu zamana qədər bitərəflik göstərən Finlandiyanın NATO-nun müdafiəsi altına keçməsi Rusiya üçün yaxşı nəticə deyil. Amma Rusiyanın ekspansiya siyasətinin özünün geosiyasi orbiti üçün yaratdığı risklər yenə də Kreml üçün dərs olmadı. Ona görə də Moskva “imperiya məqsədləri üçün yola davam” deyir. Bu, dünyanın iki başqa nəhənginin - ABŞ və Böyük Britaniyanın - səyləri altında toplanan Qərb üçün xeyli sayda çağırışlar yaradır. Hərçənd, Moskva təkbaşına NATO-nun birləşmiş gücü qarşısında zəifdir. Buna görə də alternativ oyunçular olan Çin və Hindistanın resurslarından xeyir götürüb bunu Qərbə qarşı ayaqlandırmaqda çox həvəslidir. Bununla belə, Rusiya Qərbə qarşı meydan oxumaq tərzini gündəmdə saxlayır. Həmlələrini NATO-nun zəif nöqtələri üzərində quraraq əks-əməliyyatları hədələyici element kimi ortada fırladır. Deməli, hər iki tərəfdə strateji boşluqlar var. Tərəflər üçün risklər qalmaqdadır. Bu baxımdan Ukraynadakı müharibə səbəbilə nə Qərbin, nə də Rusiyanın strateji məğlubiyyətə məruz qaldığını söyləyə bilərik".
  A.Kərimovun qənaətincə, Rusiya da, Qərb də ambisiyalarının nüvəsini söndürməyiblər. Əksinə, biri digərini köklü məğlubiyyətə sürükləməkdən ötrü alternativ regionlar üzrə mayaklarını yandırıblar: "Qərbin də strateji qərar qəbul edən kabinetləri bilirlər ki, Rusiyanın təriflənmiş hərbi maşınının xarab olduğu Ukraynadakı müharibə ilə üzə çıxsa da, Moskva ordu arsenalını təkmilləşdirməkdən əl çəkmir. Kremldə də bilirlər ki, Qərb səylərini eyni nöqtə ətrafında cəmləsə, Rusiya üçün təhdidlərin qarşısını almaq çətin olar.
Bu qarşılıqlı həyəcan və müxtəlif regionlar üzrə güc nisbətindəki üstünlüklərdən doğan rəqabət tərəfləri bir-birinə qarşı hədə-qorxu şəklində təbliğatlara vadar edir. Bunların əks-sədası Qərblə Rusiyanın maraqlarının toqquşduğu bütün regionlarda hiss edilir. Deməli, Rusiyanın və Qərbin müttəfiq axtarışları iki nəticə əsasında həyata keçirilir. Avropada, Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdəki siyasi təlatümlərin nəticələri ilə həmin sövdələşmə-rəqabət mühiti aydınlaşır. Aydın olan budur ki, bu regionlarda uzunmüddətli sülh və təhlükəsizlik formullarını tapmaq çətin olacaq, ilkin mərhələ üçün Ukraynadakı münaqişənin nəticələri həyəcanla izlənilir".